×
A
A
A
Sazlamalar

Miro Mustafayevin şəhidlik zirvəsinə ucalmasından 28 il ötür

Ağdam, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Miro Mustafayevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, M.Mustafayevin ailə üzvlərinin, Dağlıq Qarabağ müharibəsi veteranlarının, N saylı hərbi hissənin zabit və əsgərlərinin, mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev, şəhidin həyat yoldaşı Kifayət Mustafayeva, oğlu Ceyhun Mustafayev, müharibə veteranları çıxış edərək, onun mənalı həyat və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Mustafayev Miro Məmməd oğlu 1949-cu il mayın 28-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib. Bir il sonra keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb və 1969-cu ildə Qazaxıstanda xidməti başa vuraraq Vətənə qayıdıb. Qarabağ müharibəsi zamanı könüllü olaraq Ağdam rayonu ərazisindəki hərbi hospitalda fəaliyyətə başlayıb. Yaralıların döyüş bölgəsindən çıxarılmasında, onlara ilk tibbi yardım edilməsində fəallıq göstərib. M.Mustafayev, həmçinin əldə silah Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin dörd əsgərini məhv edib. 1992-ci il fevralın 19-da Həsənriz kəndi uğrunda gedən döyüşlərdə yaralı əsgərlərimizi döyüş meydanından çıxaran zaman düşmən gülləsinə tuş gələrək şəhid olub.
Mərasim iştirakçıları şəhid Miro Mustafayev haqqında hazırlanmış videoslaydı izləyib, məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.
Sonra tədbir iştirakçıları muzeydə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus əşyalarla tanış olublar.

Regionlar 2020-02-19 18:17:00