×
A
A
A
Sazlamalar

Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır

Füzuli, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü Füzuli rayonunda silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Dövlət Dram Teatrında keçirilən növbəti tədbirdə rayonun səhiyyə işçiləri iştirak edib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş direktoru Natiq Şükürov tədbirdə çıxış edərək, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.
Diqqətə çatdırılıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.
Sonda Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə Akif Həsənoğlunun “Yaddaş” pyesi nümayiş olunub.

Regionlar 2020-02-19 17:38:00