×
A
A
A
Sazlamalar

Şərur rayonunda torpaq və əkin sahələrində meliorativ tədbirlərə başlanılıb

Şərur, 19 fevral, AZƏRTAC

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda torpaq və əkin sahələrində meliorativ tədbirlərə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Muğanlı, Qorçulu, Dəmirçi, Qarxun, Yengicə, Xanlıqlar və digər yaşayış məntəqələrinin ərazisində həyata keçirilən meliorativ tədbirlərə 10-dan çox texnika cəlb olunub.
Qısa vaxtda 9 kilometrə yaxın məsafədə lildən təmizləmə işləri aparılıb. Hazırda Muğanlı kəndinin ərazisində torpaqların əkin dövriyyəsinə cəlb olunması məqsədilə kollektor və drenajlar lildən təmizlənir. Bu işlər başa çatdıqdan sonra torpaq sahələrində qrunt sularının səviyyəsi aşağı düşəcək və həmin ərazilərdə müxtəlif əkinlər həyata keçiriləcək. Həmçinin Oğlanqala kəndinin ərazisindəki suvarma arxlarında aparılan lildən təmizləmə işləri də artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, rayonda 87 min hektardan artıq ümumi torpaq sahəsi var. Bunun 25 min hektardan çoxu əkinə yararlıdır.

Regionlar 2020-02-19 17:20:00