×
A
A
A
Sazlamalar

Ötən il Salyanda dəyəri 32 milyon manatdan çox olan 21 layihənin icrası davam etdirilib

Salyan, 19 fevral, Mahir Babayev, AZƏRTAC

2019-cu ildə Salyanda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. İnvestorlarla aparılmış görüşlər, sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda özəl investisiya hesabına ümumi dəyəri 32 milyon 340 min manat olan 21 kənd təsərrüfatı, sənaye, iaşə və emal istehsal sahələri üzrə layihələrin icrası davam etdirilib. Artıq bir çox sahələr üzrə işlər başa çatdırılıb. Layihələrin həyata keçirilməsi 427 yeni iş yerinin yaradılmasına imkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Salyanda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.
Yığıncaqda qeyd olunub ki, ötən il rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, uzunluğu 17 kilometr olan, 11 min əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd-Kolanı-Xələc-Yenikənd və Şirvan-Salyan avtomobil yolunun rayonun ərazisindən keçən 31,5 kilometr hissəsində işlər tam başa çatdırılıb.
Hesabat dövründə rayonun Qarabağlı kəndində 100, Salyan şəhər Babazanlı yaşayış massivində 60, şəhərin N.Babayev küçəsində 60 yerlik uşaq bağçalarının tikintisinə başlanılıb, şəhər 7 saylı uşaq bağçasında təmir işləri aparılıb, şəhər Uşaq İncəsənət Məktəbi və Salyan Dövlət Kukla Teatrı əsaslı təmir edilib. Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchizatı davam etdirilib.
Qeyd olunub ki, ötən il rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, aqrar sahənin dinamik inkişafına nail olunub. 2018-ci ildə ötən ilin məhsulu üçün 16 min 734 hektar sahədə taxıl əkini aparılıb və hər hektarda məhsuldarlıq 38 sentner olmaqla, 63 min 508 ton taxıl yığılıb. Əkilən buğda sahəsinin hər hektarından 40,5, arpa sahəsində isə 36,2 sentner məhsul götürülüb.
Hesabat ilində rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər davam etdirilib, Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kənd ərazilərində istixana sistemində yetişdirilən tərəvəz (xiyar-pomidor) yaxın xarici bazarlara göndərilib.
Rayonda iribuynuzlu heyvanların sayı 62 min 734, qoyun və keçilərin sayı isə 185 min 925 başa çatıb. Ət istehsalı 13,4 ton (diri çəkidə), süd istehsalı 50 ton, yumurta istehsalı 34 milyon 862 min ədəd, yun istehsalı isə 347,6 ton olub.
Ötən dövr ərzində rayon ərazisində torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 373,6 kilometr kollektor drenaj şəbəkəsi, 754 kilometr suvarma kanalı lildən təmizlənib, rayonun Qızılağac kəndi ərazində 3 min hektar sahədə yaradılan aqroparkda tikinti işləri, əkin sahələrində meliorativ tədbirlər davam etdirilib.
2019-cu ildə rayon əhalisinin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılıb, 1613 ailənin 6 min 767 nəfər üzvünə sosial yardım verilib. Bir ailəyə düşən sosial yardımın orta məbləği 208 manat təşkil edib. Əhalinin işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən il 1298-i daimi olmaqla, 14 min 659 yeni iş yeri yaradılıb.
Yığıncaqda rayonda əhalinin elektrik, təbii qaz və su ilə təmin edilməsi sahəsində görülən işlərdən ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.
Sonda müzakirə olunan məsələyə dair qərar qəbul edilib.

Regionlar 2020-02-19 16:38:00