×
A
A
A
Sazlamalar

“Gənc istedadlar” liseyi yenə fərqləndi

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin bu ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşü olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor E.Babayev universitetin maddi-texniki bazası, laboratoriyaları, yeni istifadəyə veriləcək Tələbə Evi, tədris-təcrübə mərkəzləri haqqında məlumat verib: “İmtahanlarda yüksək nəticələr göstərən gənclərin BDU-nu seçmələri bizim üçün böyük fəxrdir. Ümid edirəm ki, sizin də aranızdan BDU-nu hədəfləyənlər çoxdur”, - deyə rektor bildirib.
“Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov təhsil müəssisəsini şagirdləri və gələcək məzunları üçün geniş imkanlar yaradılmasından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsinin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirməklə yanaşı, ətraf mühitin problemlərinin həlli istiqamətində onları maarifləndirməkdir. Bu il müsabiqədə iştirak etmək üçün 15 şəhər və rayon məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib. BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin IX, X, XI sinif şagirdləri 8 layihə üzrə ilk 3 yerin sahibi olublar.

Elm və təhsil 2020-02-19 16:35:00