×
A
A
A
Sazlamalar

İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb

İsmayıllı, 19 fevral, AZƏRTAC 

İsmayıllıda keçirilən hesabat yığıncağında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərləri və qonaqlar öncə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər düzüblər. Hesabat yığıncağının keçirildiyi şəhər mədəniyyət mərkəzinin foyesində təşkil olunan sərgi hər kəsdə böyük maraq doğurub. Burada rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları, habelə yerli sənətkarlıq nümunələri sərgilənib.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ötən il bölgədə tikinti-quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının, ikinci xalça istehsalı müəssisəsinin, 100 yerlik uşaq bağçasının, 48 mənzilli yaşayış binasının, Basqal qəsəbəsində 432 və Gəraybəyli kəndində 320 şagird yerlik tam orta məktəb binalarının, Sumağallı, Keyvəndi, Sulut və Diyallı kəndlərində tibb məntəqələrinin tikintisi başa çatıb. Kəlbənd kəndində körpünün tikintisi, İvanovkada mədəniyyət sarayının və Qalacıq kəndində körpünün əsaslı təmiri həyata keçirilib. Yerli əhəmiyyətli Təzəkənd-Ağbulaq-Qoşakənd, Quşencə-Zoğallıq və Tircan-Maçaxı kəndlərinin giriş yolları yenidən qurulub və asfalt örtük vurulub.
“Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo” sanatoriya-müalicə mərkəzində, Talıstan kəndi ərazisində “İstirahət kompleksi”ndə tikinti işləri davam etdirilib.
Basqal qəsəbəsində Turizm Kompleksinin, Qubaxəlilli kəndi ərazisində 3 min tonluq soyuducu anbarının, İvanovka kəndi ərazisində toxum emalı zavodunun, Girdiman çayı yatağında xırdabuynuzlu heyvanların yuyulması üçün xüsusi qurğunun tikintisinə başlanılıb. Aşıqbayramlı gölü ətrafında istirahət kompleksinin və Əhən kəndi ərazisində Arıçılıq kompleksinin inşası məqsədilə tikinti proseduruna başlanılıb.
Ötən il Qalacıq, Qalagah, Soltankənd, Uştal və Zeyvə kəndlərinin qazlaşdırılması başa çatdırılıb, sakinlər təbii qazla təmin olunub.
2019-cu il fevralın 5-də baş vermiş zəlzələ ilə əlaqədar rayonda 1273 fərdi yaşayış evinə və sosial təyinatlı obyektlərə komissiya tərəfindən baxış keçirilib, 117 evin qəzalı vəziyyətdə, 350 evin bərpa-gücləndirməyə, 458 evin təmirə ehtiyacı olduğu müəyyən edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində, ümumilikdə 66 yaşayış məntəqəsində (bir şəhər və iki qəsəbə daxil olmaqla) 86 yaşayış evi inşa edilib, 271 evdə bərpa-gücləndirmə, 440 evdə isə təmir işləri görülüb. Bu istiqamətdə işlər davam etdirilir.
Hesabat yığıncağında qeyd olunub ki, ötən il rayonda ümumi məhsul istehsalının həcmi faktiki qiymətlərlə 273 milyon 242 min manat olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 757 min manat çoxdur. Ümumi məhsulun 86,8 faizi özəl sektorun payına düşür.
Vurğulanıb ki, rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Təsadüfi deyil ki, hesabat ilində ümumi məhsul istehsalının 38,1 faizi bu sahənin payına düşür. Rayon ərazisinin 113973 hektarı (55 faiz) kənd təsərrüfatı təyinatlı torpaqlardır. 2019-cu ilin məhsulu üçün 29443 hektarda payızlıq, 3490 hektarda yazlıq bitkilər olmaqla 32933 hektar sahədə əkin aparılmışdır. 30386 hektar sahədə dənli və dənli-paxlalı bitkilər biçilmiş və hər hektarından 35,1 sentner olmaqla 106 min 505 ton məhsul istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 1709 ton və ya 1,6 faiz çoxdur. Taxıl biçini optimal müddətdə başa çatdırılıb, məhsulun vaxtında və itkisiz yığılması həyata keçirilmişdir. 935 hektar kartof sahəsinin hər hektardan 148,1 sentner olmaqla 13850 ton məhsul istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 3435 ton və ya 33 faiz çoxdur. İntensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə əkilmiş 220 hektar sahənin hər hektarından daha yüksək, 40 tondan çox məhsul götürülüb. Üzüm, tütün, barama, meyvə-tərəvəz istehsalında da uğurlu nəticələr qazanılıb.
Qeyd olunub ki, 2020-ci ilin məhsulu üçün 30165 hektar sahədə payızlıq səpin aparılıb. Bu da əvvəlki illə müqayisədə 722 hektar çoxdur. Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurlu olub. Bütün göstəricilər üzrə məhsul istehsalı inişilki ilə nisbətən xeyli artıb.
Hesabat yığıncağında təhsil sahəsində qazanılan uğurlardan, peşə tədris mərkəzinin fəaliyyətindən, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı danışılıb, habelə cari ildə qarşıda duran vəzifələr geniş təhlil edilib.
Prezident Aparatının sektor müdiri Nəsir Muxtarlı yığıncaqda çıxış edərək qarşıda duran konkret vəzifələrdən danışıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-19 15:10:00