×
A
A
A
Sazlamalar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax və Qəbələ rayonlarında yeni inzibati binaları açılıb

Qax-Qəbələ, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Fevralın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qax rayon bölməsi və Qəbələ rayon şöbəsinin yeni tikilmiş inzibati binaları istifadəyə verilib.
Açılış mərasimlərindən əvvəl ulu öndər Heydər Əliyevin Qax və Qəbələ şəhərlərində ucaldılan abidələri önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SHXÇDX-nin Qax rayon bölməsinin inzibati binasının açılış mərasimində çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin hərbi-siyasi və iqtisadi qüdrətinin ildən-ilə gücləndiyi qeyd olunub. “Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, son illər səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm nailiyyətlər qazanılıb”, - deyə Arzu Rəhimov vurğulayıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bölmənin şəxsi heyətini yeni binanın açılışı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının regionların sosial-iqtisadi inkişafında yeni mərhələ açdığını bildirib.
Binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, Xidmətin Qax rayon bölməsinin ümumi sahəsi 1296 kvadratmetr olan ikimərtəbəli binası rayon hərbi həkim komissiyası üçün iş kabinetləri də daxil olmaqla, 26 otaq və 1 iclas zalından ibarətdir. Bina müasir standartlara və tələblərə uyğun inşa edilib, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqla tam təchiz olunub.
Qax şəhərinin Heydər Əliyev prospektində inşa edilən inzibati bina öz gözəlliyi ilə şəhərin ümumi arxitekturasına xüsusi rəng qatır.
Həmin gün SHXÇDX-nin Qəbələ rayon şöbəsinin də açılış mərasimi olub.
Mərasimdə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında son illər ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əldə edilən nəticələri diqqətə çatdırıb. Xidmət rəisi Qəbələ rayon şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin növbəti təzahürü olduğunu vurğulayıb.
Mərasimdə Qəbələ Rayon icra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, SHXÇDX-nin rayon şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin əməkdaşların fəaliyyətinə əlavə stimul yaradacağını deyib.
Məlumat verilib ki, Xidmətin Qəbələ rayon şöbəsinin üçmərtəbəli, 37 otaq, rayon hərbi həkim komissiyası üçün iş kabinetləri və 2 iclas zalından ibarət olan inzibati binasının ümumi sahəsi 2391 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilən binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib.
Daha sonra binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.
Müasir memarlıq üslubunda inşa edilən bina öz gözəlliyi ilə Qəbələ şəhərinə xüsusi yaraşıq verir.

 

Regionlar 2020-02-19 15:20:00