×
A
A
A
Sazlamalar

Mübadilə çərçivəsində Mingəçevir Dövlət Universitetinin iki tələbəsi təhsilini BDU-da davam etdirir

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Mingəçevir Dövlət Universitetinin (MDU) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsilini BDU-da davam etdirən III kurs tələbələri Aytac Əbilova və Səbinə Rzayeva ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Babayev tələbə mübadiləsinin BDU və MDU arasında 2019-cu il sentyabrın 30-da imzalanmış əməkdaşlıq protokolu əsasında reallaşdığını deyib. Rektor 2019-2020-ci tədris ilinin yaz semestrində BDU-da təhsil alacaq tələbələrin şəraiti ilə maraqlanıb, yeni açılacaq Tələbə Evi haqqında məlumat verib. E.Babayev tələbələrə tövsiyələrini verərək, onları BDU-nun ictimai-sosial həyatında yaxından iştirak etməyə çağırıb.
Tələbələr BDU-da onların təhsili üçün bütün lazımi şərait yaradıldığını bildiriblər.
Qeyd edək ki, bu mübadilədə iştirak etmək üçün tələbə seçimi zamanı yüksək akademik göstəricilər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas götürülüb.

Elm və təhsil 2020-02-19 14:39:00