×
A
A
A
Sazlamalar

Rezidenturaya ərizə qəbulu davam edir: 300-dək namizəd ərizəsini təsdiqlədib

Bakı, 19 fevral, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunmuş rezidenturaya qəbul imtahanına internet vasitəsilə aparılan ərizə qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gün saat 14:25-ə olan göstəricilərə əsasən, imtahanda iştirak etmək üçün 282 namizəd (Azərbaycan bölməsi - 242; rus bölməsi – 40) ərizəsini təsdiqlədib.
Xatırladaq ki, namizəd fevralın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) müvafiq hesabına əlavə edir. Ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiqləyir.
DİM namizədlərin diqqətinə çatdırır ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.

Elm və təhsil 2020-02-19 14:29:00