×
A
A
A
Sazlamalar

İstanbulda azərbaycanlı alim paleoseysmologiyanın tədqiqi perspektivlərindən danışıb

Bakı, 19 fevral, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və geomaqnitizm şöbəsi müdirinin vəzifəsini icra edən dosent Qulam Babayev gələcək birgə elmi tədqiqatların aparılması məqsədilə İstanbul şəhərindəki Cərrahpaşa Universitetinin Mühəndislik fakültəsinin geofizika mühəndisliyi şöbəsində keçirilən müşavirədə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Q.Babayev müşavirədə “Azərbaycanda seysmik təhlükə və paleoseysmologiyanın öyrənilmə perspektivləri” mövzusunda elmi məruzə ilə çıxış edib. O, Azərbaycan və Xəzər regionunda aparılan tədqiqatlar, tətbiq edilən metodlar və bu sahədəki beynəlxalq əməkdaşlıq haqqında müfəssəl məlumat verib. Habelə Azərbaycan ərazisində paleoseysmologiyanın öyrənilməsinin aktual olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin Geologiya və Geofizika İnstitutu ilə Cərrahpaşa Universiteti arasında əməkdaşlıq məsələləri, o cümlədən paleoseysmologiya və dünyada son zamanlar geniş istifadə olunan spektral seysmologiya, seysmik təhlükənin qiymətləndirilməsi istiqamətində birgə yerinə yetiriləcək tədqiqat işləri və imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ankaranın Zəlzələ Tədqiqatları Mərkəzində də görüşlər təşkil edilib. Görüşlərdə paleoseysmoloji tədqiqatların aparılması imkanları müzakirə edilib. Qərara alınıb ki, Türkiyə alimlərinin təcrübəsindən Azərbaycanda da istifadə olunsun. Sonda Cərrahpaşa Universitetinin Mühəndislik fakültəsi və Ankaranın Zəlzələ Tədqiqatları Mərkəzi ilə birlikdə Azərbaycanda paleoseysmoloji tədqiqatların aparılması razılaşdırılıb və tərəflər arasında niyyət protokolunun hazırlanması qərara alınıb.

Elm və təhsil 2020-02-19 14:25:00