×
A
A
A
Sazlamalar

İnzibati icraçı vəzifələr üzrə imtahanda iştirak edən namizədlər haqqında statistik məlumatlar açıqlanıb

Bakı, 19 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. DİM
imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında bəzi statistik məlumatları açıqlayıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçən namizədlərin 1016-sı kişi, 840-ı isə qadın olub. Həmin namizədlərdən kişilər üzrə 943 nəfər (qeydiyyatdan keçənlərin 92,8 faizi), qadınlar üzrə isə 765 nəfər (qeydiyyatdan keçənlərin 91,1 faizi) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 20 nəfər (10 kişi, 10 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər qadın uğur qazana bilib. İmtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 9 nəfər imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 671 nəfər (uğur əldə edənlərin təqribən 83,6 faizi, 334 kişi və 337 qadın) 20 29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 123 nəfər (64 kişi və 59 qadın) lazım olan balı toplaya bilib. İmtahanda uğur qazanan namizədlərin 773 nəfəri, yəni təqribən 96,3 faizi yaşı 34-dək olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 30 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 803-ü (43,3 faiz) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1016 kişidən 403-ü (39,7 faiz), 840 qadından isə 400-ü (47,6 faiz) uğur əldə edib.
Statistik göstəricilərlə ətraflı şəkildə DİM-in saytında tanış olmaq mümkündür.
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Elm və təhsil 2020-02-19 14:10:00