×
A
A
A
Sazlamalar

Misirdə insan orqanı alveri ilə məşğul olan dəstənin üzvləri yaxalanıb

Bakı, 19 fevral, AZƏRTAC 

Misirdə insan orqanı alveri və transplantasiyası ilə məşğul olan dəstənin üzvləri yaxalanıb. AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, cinayətkar şəbəkənin insan alverində də iştirak etdiyi məlum olub.
Misir DİN-in məlumatında qeyd olunub ki, insan orqanı alveri ilə məşğul olan cinayətkar şəbəkə Qanunsuz Miqrasiya və İnsan Alverinə qarşı Mübarizə Departamentinin həyata keçirdiyi əməliyyat nəticəsində ifşa edilib. İstintaq zamanı məlum olub ki, həkimlərin də aralarında olduğu dəstənin üzvləri azyaşlılar və kimsəsizləri, o cümlədən Afrikanın yoxsul ölkələrindən gəlmiş qanunsuz miqrantları oğurlayıb və onların orqanlarını satışa çıxarıb, yaxud tibb ləvazimatı ilə təchiz edilmiş xüsusi yerdə transplantasiya ediblər. Cinayətkarlardan biri Facebook sosial şəbəkəsində böyrək alveri ilə də məşğul olub.
Misir polisi cinayətkarların məkanında axtarış zamanı böyük məbləğdə pul, tibbi ləvazimat, insan orqanları və İsgəndəriyyədəki hospitalda aparılmış qanunsuz cərrahiyyə əməliyyatının video materialını aşkar edərək götürüb. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin aşkar edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dünya 2020-02-19 12:52:00