Azərbaycan şahmatçıları Moskvada “Aeroflot open” festivalında iştirak edirlər
Moskva, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalı start götürüb.
AZƏRTAC xəbər verir ki, üç kateqoriyada keçirilən festivalın əsas turnirində (Open A) reytinqi 2549-dan yuxarı olan şahmatçılar yarışırlar. Open A turnirində Azərbaycanı Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Abdulla Qədimbəyli təmsil edirlər.
Əsas turnirə qatılan 91 şahmatçının 63-ü qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirin mükafat fondu 65 min avrodur.
“Aeroflot open” festivalının B turnirində təmsilçilərimiz Məhəmməd Muradlı, Elvin Bayramov, Read Səmədov çıxış edirlər. Bu turnirdə mübarizə aparan 96 şahmatçının 20-si qrossmeysterdir.
Fevralın 29-dək davam edəcək festivalın ümumi mükafat fondu 120 min avrodur. Qalib 18 min avro məbləğində pul mükafatına sahib olacaq və Dortmund super turnirinə vəsiqə qazanacaq.
Festival çərçivəsində üç açıq turnirdən başqa, blits yarışı və Anatoli Karpov adına uşaq turniri də təşkil olunacaq.
İlk dəfə 2002-ci ildə Moskvada keçirilən festival iki il sonra iştirakçı qrossmeysterlərin sayına görə Ginnes Rekordlar Kitabına daxil edilib.
Ötən il analoji yarışın B turnirində Məhəmməd Muradlı bürünc medal qazanmışdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir