×
A
A
A
Sazlamalar

Naxçıvanda melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar

Naxçıvan, 19 fevral, AZƏRTAC

Muxtar respublikada yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək üçün kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, anbarlara ehtiyat su yığılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə yanvar ayında 12 kilometr beton və torpaq kanal, 17 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 9 kilometr yeni suvarma xətti çəkilib. Həmçinin 49 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb, Babək rayonunda sağ sahil magistral kanalında təmir işləri davam etdirilib. Hazırda muxtar respublika ərazisindəki su anbarlarında 122 milyon kubmetr su ehtiyatı var.
Ötən ay torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Arpaçay və Cəhriçay vadilərində, ümumilikdə, 720 metr istiqamətləndirici bənd tikilib, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 8 kilometr paylayıcı boru xətti quraşdırılıb, 45 hidrant hovuzu tikilib. Əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 2 kilometr yeni içməli su xətti çəkilib, 5 kəhrizdə bərpa işləri davam etdirilib. Bu dövrdə 2 subartezian quyusu balansa götürülüb, 49 subartezian quyusu təmir olunub. Eləcə də suvarma mövsümünə hazırlıqla əlaqədar təmirə ehtiyacı olan maşın-mexanizmlər, elektrik avadanlıqları təmir olunaraq saz vəziyyətə gətirilib.
Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Şərur rayonunun Cəlilkəndində 6135 metr, Babək rayonunun Nehrəm və Araz kəndlərində 6915 metr su, 3512 metr kanalizasiya xətti çəkilib.

Regionlar 2020-02-19 11:57:00