×
A
A
A
Sazlamalar

Şəkidə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Şəki rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda tütün istehsalçıları ilə toplantı keçirilib. Tədbirdə yerli icra hakimiyyəti orqanlarının, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tütün istehsalının artırılması üçün Şəki rayonunda geniş imkanların olduğunu vurğulayıb, bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələrlə təminat, tütün yarpağının tədarükü, satışı, emalı və digər məsələlərlə bağlı yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyi qeyd edilib.
Tədbirdə Şəki rayonunda tütün qəbulu məntəqələri, qurutma kameraları, şitilxanalar şəbəkəsinin genişləndirilməsi və tütün əkini sahələrində aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında müqavilə şərtləri və digər məsələlər müzakirə olunub.
Həmçinin iclasda tütünün yeni məhsuldar sortlarının yaradılması və toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, tarlalarda fermerlərə xüsusi təlim proqramlarının təşkili, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və s. məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Kənd təsərrüfatı 2020-02-19 11:40:00