×
A
A
A
Sazlamalar

Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri nəşr olunub

Bakı, 19 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri nəşr olunub. İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən minlərlə arxiv sənədi gətirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitablarının Tarix İnstitutuna təqdimetmə mərasimində deyib.
O bildirib ki, institut Milli Kitabxana ilə sıx əməkdaşlıq edir.
“Hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, kitabxana da onları dünya kitabxanalarına çatdırır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, habelə soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.

Elm və təhsil 2020-02-19 11:33:00