×
A
A
A
Sazlamalar

Muxtar respublikada məhsulların keyfiyyətinə nəzarət olunur

Naxçıvan, 19 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən ay məhsul nümunələrinin 128, o cümlədən qida məhsullarının 124 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin edilib.
Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikaya idxal edilən uşaq qidalarının laborator analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılıb, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 12 qida istehsalı müəssisəsinə, 16 ictimai iaşə və xidmət sahəsinə baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Eyni zamanda, meyvə-tərəvəzlərdən hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə məhsulların 53 halda standartlara uyğunluğu yoxlanılıb və nöqsan aşkar olunmayıb.
Uşaq bağçalarının, təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi, alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 40 bufet və yeməkxanada monitorinqlər, yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
Yanvar ayında ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət edilməsi üçün məhsullardan 61 halda nümunələr götürülərək analizlər aparılıb və standartlara uyğunluğu müəyyən edilib. Həmçinin 58 xidmət mərkəzinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilib. İki təsərrüfat subyektində və 2 xidmət mərkəzində təmir işləri aparılıb, metroloji norma və qaydalara uyğun olaraq 814 ölçmə vasitəsi yoxlanılıb.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 102 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 12 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

Regionlar 2020-02-19 10:34:00