×
A
A
A
Sazlamalar

İvan Litvinoviç: Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb

Bakı, 18 fevral, AZƏRTAC

Bakıdakı yarışlarla bağlı təəssüratlarım yaxşıdır. Xüsusən Bakıda medal qazandığım üçün həmin yarış mənim üçün daim yaddaqalan olacaq. Dünya kubokunda iştirakdan əvvəl medal qazanacağıma ümid etmirdim. Məqsədim finala yüksəlmək idi.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının gümüş mükafatçısı belaruslu İvan Litvinoviç deyib.
Belarus təmsilçisi Milli Gimnastika Arenasındakı uğurlu çıxışı barədə deyib: “Finaldakı proqramı dəyişmədim. Çünki bu, yaxşı icra etdiyim bir proqram idi. Məşqçi bunun mübarizəyə qatılmaq və başqaları ilə rəqabət aparmaq üçün kifayət olduğunu söyləmişdi. Milli Gimnastika Arenasında idmançılar üçün çox gözəl şərait yaradılıb. Üçüncü dəfədir Bakıda oldum, artıq Milli Gimnastika Arenasına öyrəşmişəm, burada hər şey doğma və tanışdır.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast iştirak edib. Turnir “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.

İdman 2020-02-18 18:34:00