×
A
A
A
Sazlamalar

İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 21-də Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28–ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir təşkil ediləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, bu barədə ictimaiyyəti geniş şəkildə məlumatlandırmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə keçiriləcək tədbirin rəsmi hissəsində, Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli, ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz, kinorejissor, ssenari müəllifi, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayev çıxış edəcəklər.
Tədbirdə Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət!” beynəlxalq təbliğat – təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunacaq.
Tədbir çərçivəsində Türkiyənin Gazi Universiteti tərəfindən ADMİU-ya hədiyyə edilmiş əsərlərdən ibarət sərgi də açılacaq. Sərgidə Ankara Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan, Qırğızıstandan olan rəssam tələbələrin yaratdığı 13 əsər nümayiş olunacaq.

Mədəniyyət 2020-02-18 17:47:00