×
A
A
A
Sazlamalar

XX əsrin ən yaxşı qapıçısı - Lev Yaşin

Bakı, 18 fevral, Səadət Hakıyeva, AZƏRTAC

1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatında məşhur futbol ulduzu Eysebio Yaşinin oyununa heyranlığını gizlədə bilmirdi. O vaxt üçüncü yer uğrunda görüşdə Portuqaliya yığması SSRİ komandası ilə qarşılaşırdı. Məşhur futbolçu nə qədər çalışsa da, Yaşinin qapısından top keçirə bilmirdi. Nəhayət ki, sona yaxın Eysebio sovet yığmasının qapısına təyin olunan penaltini dəqiq yerinə yetirərək, komandasına 2:1 hesablı qələbə gətirdi. Sonralar məşhur futbolçu jurnalistlərlə müsahibəsində deyirdi: “Yaşin XX əsrin ən yaxşı və tayı-bərabəri olmayan qapıçılarındandır”.
Dahi futbolçu Pele isə Yaşin haqqında bu sözləri deyib: “Mən bu böyük futbol ustasının sənətini yüksək qiymətləndirirəm və onu dövrünün ən nümunəvi qapıçılarından hesab edirəm. Yaşin dünya futbolu tarixinə təkcə oyunçu kimi deyil, həm də mürəkkəb qapıçılıq sənətində yeniliklər edən yaradıcı insan kimi daxil olub”.

Məşhur qapıçının uşaqlıq illəri çox çətin keçib

Lev Yaşin 1929-cu il oktyabrın 22-də fəhlə ailəsində anadan olub. Digər yaşıdları kimi, o da futbol oynamağa çox erkən yaşlarından başlayıb. Lev Kassilin əsəri əsasında ekranlaşdırılmış əfsanəvi “Qapıçı” filmi nümayiş etdiriləndə Yaşinin 7 yaşı ancaq olardı. Məşhur qapıçı Anton Kandidievin həyatından bəhs edən bu film bir çox həmyaşıdları kimi, Yaşinin də həyatına güclü təsir göstərdi. Xatırladaq ki, o dövrün futbolu yalnız idman oyunu olmaqla bitmirdi, futbol həmin dövrlər üçün həm də romantika dolu qəhrəmanlıq məktəbi idi. 

Dünya şöhrətli qapıçının uşaqlıq və gənclik dövrü çətin illərə təsadüf edib. Kiçik Lev valideynləri və çoxsaylı qohumları ilə birgə balaca otaqda yaşayırdı. Yaxınları ona futbol topu hədiyyə edəndə uçmağa qanadı olmazdı və həmin gün onun üçün əsl toy-bayrama çevrilərdi. Əksər yaşıdları kimi, Yaşinin də taleyinə uşaqlıq illəri ilə erkən vidalaşmaq qisməti yazılıb. Böyük Vətən müharibəsinin başlanması Yaşinin qayğısız uşaqlıq illərinin üstündən qara xətt çəkib. Müharibə zonasında yaşadığından o, ailəsi ilə birgə Ulyanovsk şəhərinə köçməli olub. Yaşin 5-ci sinfi başa vurduqdan sonra hərbi zavodda çilingər şagirdi kimi işə düzəlib. Təhlükə sovuşduqdan sonra - 1944-cü ildə Moskvaya, öz evlərinə qayıdıb. Təəssüf ki, Yaşinin buradakı həyatı da asan olmayıb. Ağır, qanlı-qadalı müharibə illərində Moskva ətrafındakı Tuşino zavodunda çilingər işləyib. İşə getmək üçün səhər saat 5-dən durmaq lazım gəlirdi. İşdə yorulmasına baxmayaraq, o, növbəsini başa vuran kimi stadiona tələsirdi və bu, bir növ adətə çevrilmişdi. Onun ilk məşqçisi N.Larionçikov mərkəz hücumçusu kimi çıxış etməyi arzulayan Yaşini qapıçı olmaq üçün hazırlaşdırırdı: “Qapıçı olmalısan, vəssalam!”.

18 yaşında evi tərk edib

Ağır zavod həyatından bezən 18 yaşlı Yaşin müəyyən səbəblərdən ailəsini tərk edərək dostunun evində yaşamağa başlayır. Gəncin pis yola düşəcəyindən ehtiyat edən xeyirxah insanlar ona orduda qulluq etməyi məsləhət görürlər. Vətən qarşısında əsgəri borcunu ləyaqətlə yerinə yetirib qayıtdıqdan sonra məşqçi Arkadi Çernışev Yaşini öz nəzarəti altına götürür. O vaxtlar A.Çernışev “Dinamo” klubunun hokkey və futbol komandasını hazırlaşdırırdı. 1950-ci ilin martında “Dinamo” Qaqraya təlim-məşq toplanışına yollananda komandanın tərkibində üçüncü qapıçı ampluasında Yaşin də var idi. 

Stalinqradın “Traktor” klubu ilə yoldaşlıq matçında Yaşinin oyunu uğurlu alınmadı. Futbolçunun ikinci məğlubiyyəti isə ölkə birinciliyi uğrunda “Dinamo”- “Spartak” qarşılaşmasında oldu. Matçın son dəqiqələrində Aleksey Xomiçi əvəz edən Lev çox çətin anlar yaşadı. Həmin matç Yaşinin xatirəsində silinməz izlər buraxdı və onun sonrakı taleyində demək olar ki, həlledici rol oynadı. Xatırladaq ki, Yaşin yüksəksəviyyəli qolkiper olmağın sirlərinə məhz ingilislərin “pələng” adlandırdıqları “Dinamo”nun qapıçısı Xomiçin sayəsində yiyələnmişdi.

Futbol olimpinin zirvəsinə gedən yol hokkeydən keçib

Hokkeyi seçməsəydi, Yaşinin əvəzedici kimi futbolçu fəaliyyəti hələ çox çəkəcəkdi. O, özü sonralar bu barədə deyirdi: “Çernışevin məsləhəti və dəstəyi ilə 1953-cü ilə kimi hokkey oynadım və bu sahədə uğurlara futboldakından daha tez nail oldum. Elə “idman ustası” dərəcəsinə də ilk dəfə bu idman növündə yiyələnmişəm. Ölkə çempionatlarında qazandığım gümüş və bürünc medallar da hokkeydə əldə edilib. Həyatımda ilk dəfə SSRİ kubokunun qalibi adına da futbol deyil, məhz hokkey komandasının tərkibində oynayarkən sahib olmuşam. 

1954-cü ildə komandam dünya çempionatında iştirak etməli idi. Bu mötəbər yarışa ciddi hazırlıq gedirdi. Ümumittifaq federasiya əsas komandanın heyətini artıq müyyənləşdirmişdi. Siyahıda mənim də adım var idi. Bilmirəm, mənim hokkeylə bağlı sonrakı taleyim necə olacaqdı. Ancaq həmin ilin yazında Qaqrada keçirilən matçlarından sonra futbol komandasının baş məşqçisi Mixail Semiçastnı dedi: “Hə, Lyova, indi mənim çox xoşuma gəlirsən. Əsas komandanın heyətində çıxış edəcəksən. Razısan? Mən qərar qəbul etməli idim: ya hokkey, ya da futbol. İndi, özü də həmişəlik. Nəticədə, futbolu seçməli oldum”.

Melburn-1956 Olimpiadasında iştirakı onu şöhrətin zirvəsinə qaldırıb

1954-cü ildən 1959-cu ilədək Moskva “Dinamo”su dörd dəfə ölkə çempionu adına layiq görülüb. Bu illər ərzində təşkil olunan beş çempionatın hər birində “Dinamo”nun qolkiperi Yaşin qapısından çox az sayda top buraxıb. Futbolçunun SSRİ çempionatında öz klub komandasının heyətində keçirdiyi matçların sayı 326-ya bərabərdir. Məşhur qapıçının medal kolleksiyasını ölkə çempionatının 5 qızıl, 5 gümüş və 1 bürünc medalı bəzəyir. Üç dəfə SSRİ kubokunun sahibi olub. Sovet Futbol Federasiyası Yaşini 13 dəfə mövsümün ən yaxşı futbolçusu hesab edib. 

1954-cü il oktyabrın 8-də əsas komandanın heyətində İsveç yığması ilə debütü uğurlu olub - 7:0. Bax, beləcə, Lev Yaşin düz 13 il ölkənin bir nömrəli futbolçusu adını qoruyub saxlaya bilib. Onu şöhrətin zirvəsinə qaldıran ən mühüm matç XVI Yay Olimpiya Oyunlarında qeydə alınıb.
“Melburn-1956” Olimpiya Oyunlarında sovet futbolçuları heç də asan olmayan bir neçə matç keçirdilər. Matçların hər birində Yaşin gözəl və yüksək texnikalı oyun nümayiş etdirirdi. Lakin finalda Yuqoslaviya yığması ilə keçirilən matç daha yaddaqalan oldu.
Hava onsuz da əlverişsiz vəziyyəti daha da çətinləşdirirdi. Yerin sürüşkənliyindən əlavə, topun da yaş olması qolkiperin işinə maneə yaradırdı. Ənənəsinə sadiq olaraq, Yaşin bu dəfə də öz ampluasında idi. Çətin topların öhdəsindən asanlıqla gəlməsi, təmkinliliyi, sakitliyi, cərimə meydançası boyu qapıya yönələn topları dərhal qaytarmaq bacarığı, vaxtında və lazımi yerdə görünməsi rəqib komandanı heyrətləndirirdi. Yuqoslaviya komandasının hücumçuları və yarımmüdafiəçiləri möcüzəli qapıçının məharəti qarşısında çaşıb qalmışdılar.
Melburn Oyunlarındakı qələbədən sonra yığmanı dünya çempionatları gözləyirdi. Burada da Yaşin beynəlxalq səviyyəli qapıçı olduğunu öz gözəl oyunu ilə bir daha sübuta yetirdi. Dünya çempionatındakı oyunundan sonra Pele onun haqqında belə deyirdi: “Maraqlıdır, SSRİ yığmasının müdafiəçiləri Qarrinça, Didi, Zaqalo kimi mahir futbolçuların qarşısında özlərini itirirdilər. Lakin qapıçınız, sözün həqiqi mənasında, öz bədəni ilə onların hücumlarının qarşısını ustalıqla ala bilirdi. O, bütün matç boyu hərəkətdə idi: sağdan, soldan, yuxarıdan, aşağıdan gələn topları tullanaraq zərərsizləşdirirdi. O, göyə tullanaraq uzun əlləri ilə topu tutur, bəzən hətta torpağı da qucaqlamalı olurdu”.

“Məsuliyyətsiz qapıçının gələcəyi yoxdur”, - deyən Yaşinin qiyməti yox idi

Məşhur qapıçı futbola yeni başlayanlara tövsiyə edirdi ki, əsl qapıçı hər buraxılan qol üçün narahat olmalı, özünə yer tapmamalıdır. Qapıçı qol buraxandan sonra özünü sakit, heç nə olmamış kimi aparırsa, bu, onun üçün hər şeyin sonu olduğu anlamına gəlir. Həmin qapıçının keçmişi necədir bilmirəm, amma məsuliyyətsiz qapıçının gələcəyi yoxdur.

Lev Yaşin əsas yığmanın heyətində Avropa çempionatının iki mərhələsində iştirak edib. 1960-cı ilin iyulunda sovet yığmasının Marsel şəhərində güclü Çexoslovakiya komandası, sonra isə Parisdəki final qarşılaşmasında Yuqoslaviya yığması üzərində qələbə qazandıqları matçlarda misilsiz oyun nümayiş etdirdi. Bu qələbələr sovet yığmasının Avropa çempionu olması ilə nəticələndi.
Londonun “Uorker sport” jurnalı yazırdı: “Rus komandasının qalibiyyəti özü-özlüyündə çox parlaq qələbə idi. Ancaq bu qələbəni gerçəkləşdirən komandanın qolkiperi Yaşin və onun yüksək ustalığı, dəmir iradəsi idi”.
Cənubi Amerika ölkələrinə ilk turnedən sonra 1961-ci ilin axırlarında Argentina qəzetlərinin birində sovet futbolçuları haqqında belə bir məlumata rast gəlmək olardı: “M.Mesxinin və S.Metrevelinin qiyməti 50 milyon pesodur. L.Yaşinin isə qiyməti yoxdur”.
Bir il sonra, bəzi üzdəniraqlar Çilidəki dünya çempionatında sovet yığmasının məğlub olmasının səbəbini Yaşində görürdülər. Lev Yaşin bunun əksini həmin hadisədən sonra dünya futbolunda hələ 9 il ulduz futbolçu kimi fəaliyyət göstərməsi ilə sübut etdi. Yaşin bu hadisədən bir il sonra Londonun “Uembli” stadionunda FIFA yığmasının heyətində dünyanın futbol ulduzları ilə birgə növbəti matçda tamaşaçıları və mütəxəssisləri heyran edən gözəl oyun nümayiş etdirdi. Lev Yaşin onun böyük qapıçılıq istedadı və ustalığına şübhəsi olanlara başa saldı ki, o, elə həmin Yaşindir.
Bu görüşdən sonra ingilislərin soyunub-geyinmə otağına girən jurnalistlər eşidəcəkdilər ki, təmkinli və səbirli oyunçu Cimmi Qrivs paltarlarını yerə tullayaraq məşqçiyə deyir: “Bu, inanılmazdır, o, qapısından top keçirmək mümkün olmayan şeytana bənzəyir”.
1963-cü ildə L.Yaşin yenidən Moskva “Dinamo”sunun heyətində daha bir məhsuldar mövsümə imza atır və komanda onun iştirakı ilə keçirilən 27 oyunda cəmi 6 qol buraxır. Həmin il komanda yenidən çempion titulunu özünə qaytarır.

Əfsanəvi qapıçı, sehrli əlin sahibi

1963-cü ildə Lev Yaşin “Frans futbol” jurnalı tərəfindən təsis edilən dünyanın ən yaxşı futbolçusu nominasiyası üzrə “Qızıl top” mükafatına layiq görülüb. Jurnalın baş redaktoru M.Yurbini yazırdı: “Mən çox qapıçılar görmüşəm. Bunlara misal olaraq Sfivti, Ramaltesi, Zemanı, Jilmarı, Bernarı göstərə bilərəm. Lakin Lev Yaşin səviyyəcə onları ötüb keçir. Lakin bu, o demək deyil ki, mən babamın pərəstiş etdiyi Şeyrigesin, atamın pərəstiş etdiyi Kombinin üstündən xətt çəkirəm. Xeyr. Yaşin həm Şeyriges, Kombi, Zamora, Hiden, Vinyal və həm də başqalarıdır. Yaşin böyük qapıçıdır, əfsanəvi simadır. Bu, əlcək geyinmiş sehrli əl sahibidir. O dördüncü müdafiəçidir. Ən nəhayət, meydançaya daxil olması ilə rəqiblərinin gözünün odunu alan, dostlarını isə sevindirən bir insandır”. 

Fransalı jurnalistin sözlərini Yaşinə tərcümə edəndə o, gülərək istehza ilə demişdi: “Anlamıram, niyə bir sehrli əl, bəs o biri əl haradadır? - və qəfildən susaraq, bir az fasilə etdikdən sonra söyləmişdi: - Nə sehrbazlıqdır! Mən sadəcə öz işimin öhdəsindən gəlməyi bacarıram”. Bu da sadəliyin və təvazökarlığın bir nümunəsi idi.
1964-cü ildə sovet yığması Avropa kubokunda ikinci yer tutdu. 1966-cı ildə isə Lev Yaşinin İngiltərədəki dünya çempionatda oyunu çox uğurlu alındı. Sanderlend, Liverpul və Londonda (məşhur “Uembli” stadionunda) Yaşin qapıdan cəmi beş top buraxdı. Buraxılan topların heç birində onun günahı yox idi. Xatırladaq ki, bu turnirdə növbəti Meksika birinciliyinin nümayəndələri də iştirak edirdilər. Çempionatın ən yaxşı qapıçısına mükafatı da elə onlar təyin etdilər. Həmin mükafat Lev Yaşinə təqdim olundu.
O, dahi qapıçı olmaqla bərabər, həm də novator idi. Lev Yaşin gənc nəslə qolkiper olmağın sirlərini öyrədirdi. Onun həyat və karyerası bugünkü və gələcək nəsil üçün bir qəhrəmanlıq məktəbdir.
Xatırladaq ki, Yaşin topu ilk dəfə əllə meydana daxil edən novatorlar sırasına daxildir. Yaşinin başqalarından bir üstünlüyü də onda idi ki, o, özünü gözə soxmağı bacarmırdı. O, daha çox sadəliyi, təvazökarlığı ilə yadda qalıb. Lev Yaşini əfsanəyə çevirən, yaddaşlarda yaşadan onun istedadı və qeyri-adi qapıçılıq məharəti idi.

Lev Yaşin kimi istedadlar dünyaya bir dəfə gəlirlər

1972-ci il mayın 27-də Lujniki stadionunda Lev Yaşinin “Dinamo”nun heyətində dünya yığması ilə vida matçında oyunu yenə də pərəstişkarlarının diqqət mərkəzində idi. Meksika çempionatının bombardiri H.Müller çox çalışsa da, “Dinamo”nun qapısından bir top belə keçirə bilmədi. Onun gözəl oyununa heyran qalan Qərbi Almaniya komandasının forvardı deyirdi: “Necə məgər, Lev Yaşin futbolu tərk edir? Yox, inanmıram, Bu, mümkün deyil, o, əvəzedilməzdir”. 

O, futbolu krallara layiq tərk etdi, məğlubiyyətsiz, heç kəsə əyilmədən. Amma idmanı birdəfəlik tərk etmədi. Doğma “Dinamo”da idman fəaliyyətini davam etdirdi, bu dəfə qapıçı kimi yox, komandanın rəhbəri kimi.
1985-ci il iyulun 27-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti X.A.Samaranç Lev Yaşini BOK-un “Olimpiya” ordeni ilə təltif etdi.
Yaşin ömrünün sonuna qədər fəal həyat tərzini davam etdirdi. Həyat yoldaşının dediyi kimi, o, da hamı kimi adi insan idi, şən, ünsiyyətcil.
Amansız xəstəlik onu 60 illik yubileyindən sonra haqladı. Dahi futbolçunun görmə qabiliyyəti zəiflədi. Ayağındakı ağrılar ona əziyyət verirdi. 1984-cü ildə keçirilən cərrahiyyə əməliyyatından sonra bir ayağını itirməli oldu. Lakin səhhəti ilə bağlı problemlər onun möhkəm əzm və iradəsini qıra bilmədi. O, son damla nəfəsinə qədər ölkədə, əsasən də idmanda baş verən dəyişikliklərə biganə qalmadı, pərəstişkarları qarşısında dəfələrlə çıxış etdi.
Dünya şöhrətli futbolçu bu səviyyəyə yalnız qapıçılıq məharəti sayəsində deyil, həm də idmana bağlılığı, bir insan kimi təvazökarlığı, sadəliyi və yaraşığı sayəsində nail olmuşdu.

“Qızıl top” mükafatını qazanan yeganə qolkiper

Beynəlxalq Futbol Federasiyası onu XX əsrin “Ən yaxşı qapıçısı” adına layiq görmüşdü. 

Beynəlxalq dərəcəli Əməkdar idman ustası olan Lev Yaşin 1954, 1955, 1957, 1959, 1967-ci illərdə SSRİ çempionu, 1953, 1967 və 1970-ci illərdə SSRİ kubokunun və “33 ən yaxşı idmançı” nominasiyası üzrə mükafatın sahibi (1956,1957, 1959, 1960, 1961, 1962, 1963, 1964, 1965, 1966, 1968) olub. Əfsanəvi qapıçı Avropa Kubokunun qalibi (1960), gümüş mükafatçısı (1964), XVI Yay Olimpiya Oyunlarının çempionu (Melburn-1956), “Qızıl top”un (1963), eləcə də FIFA-nın “Futbolda xidmətlərinə görə qızıl orden” mükafatının sahibi (1988) idi.
Qeyd edək ki, Lev Yaşin “Qızıl top” mükafatını qazanan yeganə qolkiperdir. Fransanın “Frans futbol” nəşri ötən il Lev Yaşini dünya futbol tarixinin ən yaxşı qolkiperi adlandırıb.
Qapıçı karyerası ərzində 812 matç keçirib. Onların 207-də qapısından top buraxmayıb. SSRİ yığmasında 79 matç keçirən Yaşin 75 dəfə yığmanın qapısını qoruyub.
Lev Yaşin 1990-cı il martın 21-də dünyasını dəyişib.
Həyatla erkən vidalaşdı Lev Yaşin. Ağır xəstə olduğu illərdə bütün futbol dünyası onun səhhəti ilə maraqlanırdı. Dünyanın hər yerindən teleqramlar, məktublar axışıb gəlməkdə davam edirdi. Özü həyatdan getsə də, ondan sonra zəngin futbol məktəbi nəsillərə irs qaldı.

İdman 2020-02-18 16:58:00