×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasında 2020-2025-ci illərdə baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı qəbul olunub

Naxçıvan, 18 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramının məqsədi baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi, muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və dövlət reyestrinin aparılması, heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə nail olunmasıdır. Bundan başqa, proqramda yoluxucu və parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsi, məhsuldar heyvan, quş, arı və balıq cinslərinin yetişdirilməsi, onlardan yüksəkkeyfiyyətli məhsul götürülməsi üçün zoobaytar qaydalarına əməl edilməsi nəzərdə tutulub.
Dövlət Proqramının icrası sayəsində aşağıdakı nəticələrin əldə olunması gözlənilir:
- profilaktik, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq tədbirləri həyata keçirməklə kənd təsərrüfatı heyvanlarının və digər heyvanların xəstəliklərdən qorunması;
- heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması;
- yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər;
- daxili bazarın keyfiyyətli ekoloji-təmiz heyvandarlıq məhsulları ilə təmin olunması;
- heyvandarlıqda baytarlıq-sanitariya işinin müasir dövrün tələblərinə uyğunlaşdırılması;
- cins tərkibinin yaxşılaşdırılması hesabına intensiv yolla məhsul istehsalının artırılması;
- baytarlıq sahəsində mütəxəssislərin hazırlanması.
Qeyd edək ki, ötən müddətdə qəbul olunmuş Dövlət proqramlarının icrası, maliyyə dəstəyinin gücləndirilməsi, süni mayalandırmanın tətbiqi və cins tərkibinin yaxşılaşdırılması, qüvvəli yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması heyvandarlığın inkişafına səbəb olub, bu sahə üzrə fermer və ailə təsərrüfatları yaranıb, məhsul istehsalı artıb. Hazırda muxtar respublikada iribuynuzlu heyvanların sayı 115 min 620 başa, xırdabuynuzlu heyvanların sayı 704 min 57 başa, quşların sayı 1 milyon 307 min başa, arı ailələrinin sayı isə 99 min 798-ə çatdırılıb.

Kənd təsərrüfatı 2020-02-18 13:34:00