×
A
A
A
Sazlamalar

Böyük qəzəl ustadı Əlağa Vahidin 125 illiyi qeyd olunub

Bakı, 18 fevral, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1 nömrəli kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əlağa Vahidin anadan olmasının 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Vahid” poeziya məclisinin sədri Hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, Fatimə Mahmudova, Əliağa Vahidin oğlu Ramiz İskəndərov, kitabxananın əməkdaşları iştirak ediblər.
Tədbirdə kitabxananın müdiri Mətanət Qasımova, “Vahid” poeziya məclisinin sədri Hacı Rafiq Əliyev və başqaları çıxış edərək böyük qəzəlxanın ömür yolundan, zəngin yaradıcılığından söz açıblar. Bildirilib ki, Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
Sonra məclis üzvləri ustadın qəzəllərini oxuyublar. Kitabxanada Əlağa Vahidin əsərlərindən, jurnal və qəzet materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Sonda tədbir iştirakçiları Əlağa Vahidin İçərişəhərdə yerləşən büstünü ziyarət ediblər.

Mədəniyyət 2020-02-18 13:32:00