×
A
A
A
Sazlamalar

Biləsuvarda 425 milyon manatdan çox ümumi məhsul buraxılıb

Biləsuvar, 18 fevral, Mahir Babayev, AZƏRTAC

2019-cu ildə Biləsuvarda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 425 milyon 400 min manat olub. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 128 milyon 185 min, sənayenin 100 milyon 273 min, ticarətin 90 milyon 680 min, tikintinin isə 102 milyon 282 min manat təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktları 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev səsləndirib.
Bildirilib ki, rayonda tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər ilboyu davam etdirilir. Hesabat dövründə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi başa çatdırılıb, şəhər ərazisində kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə düşmüş 7 kilometrlik yol yenidən asfaltlanıb, 16 küçədə çınqıl-qum qarışığı ilə əsaslı təmir işləri aparılıb. Xırmandanlı kəndində 40 yerlik uşaq bağçasının, şəhərin Heydər Əliyev prospektində 48 mənzilli yaşayış evinin, şəhər 1 nömrəli tam orta məktəb üçün 1176 və Muğanlı kəndində 80 yerlik modul tipli məktəb binasının tikintisi başa çatıb, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulduğu Əlabat kəndində daxili imkanlar hesabına şəhidin ev-muzeyi, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan biləsuvarlı hərbçilərin şərəfinə “Zəfərə aparan yol - Lələtəpə” xatirə abidəsi tikilib.
Ötən il uzunluğu 60 kilometr olan Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və Əlabat kəndində 40 yerlik uşaq bağçasının tikintisinə başlanılıb.
Rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi məqsədilə şəhər mərkəzində və kəndlərdə 18,5 kilometr SİP kabel çəkilib, 62 transformator cari, 14 transformator isə əsaslı təmir olunub. Səmədabad kəndində gücü 60 meqavat olan elektrik yarımstansiyası istifadəyə verilib. Əhalinin təbii qaza olan tələbatını yaxşılaşdırılması məqsədi ilə şəhər ərazisində və kəndlərdə qaz xətləri çəkilib, 26 yaşayış məntəqəsinin əsas hissələri təbii qazla tam təmin olunub. Xırmandanlı kəndinin yeni yaşayış massivində 340 abunəçisi olan məhəlləyə təbii qaz verilib.
Yığıncaqda aqrar sahənin kompleks inkişafından danışılaraq qeyd edilib ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Vurğulanıb ki, Azərbaycan Prezidentinin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən mülkiyyətçilər 2019-cu ildə 10 min 257.7 hektar sahədə pambıq əkib, hər hektardan 29,9 sentner olmaqla, 30 min 706 ton xam pambıq istehsal ediblər. Cari ildə daha yüksək nəticələr əldə etmək üçün hazırda pambıq sahələri şumlanılır və digər zəruri tədbirlər görülür.
Məlumat verilib ki, rayonda pambıqçılığın inkişafı ilə yanaşı, kənd təsərrüfatının digər sahələrinin inkişafı da diqqət mərkəzində olub və hesabat dövründə 43 min 932 ton buğda, 50 min 290 ton arpa, 485 ton çəltik istehsal edilib. Orta məhsuldarlıq 31,2 sentnerə çatıb ki, bu da 2018-ci illə müqayisədə 3,3 sentner çoxdur.
Ötən dövrdə rayonda iribuynuzlu mal-qaranın baş sayı 40 min , qoyun-keçilərin sayı isə 136,8 min baş təşkil edib. Təsərrüfatlarda saxlanılan heyvanlar hesabına ət istehsalı 6778.5 ton (diri çəkidə), süd istehsalı 27 min 165.7 ton, yun istehsalı isə 300 ton olub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatların işi ətraflı müzakirə edilib, konkret tapşırıqlar verilib.
Sonda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.

Regionlar 2020-02-18 12:56:00