×
A
A
A
Sazlamalar

Ötən ay muxtar respublikada 1241 daşınmaz əmlak obyekti plana alınıb

Naxçıvan, 18 fevral, AZƏRTAC

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılır.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay 9 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Torpaqların elektron uçotunun aparılması məqsədilə Şahbuz şəhərində və rayonun Mahmudoba kəndində, Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilib, 1241 daşınmaz əmlak obyekti plana alınıb. Həmçinin muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin xəritəsi, Şahbuz rayonunun Türkeş, Kəngərli rayonunun Böyükdüz və Xıncab bələdiyyələrinin kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları hazırlanıb.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti məqsədilə Babək rayonunun Qahab və Naxışnərgiz kəndlərində monitorinqlərə başlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib. Rayonun Çeşməbasar, Güznüt, Payız, Gülşənabad və Aşağı Buzqov kəndlərində monitorinqlərin aparılması üçün müvafiq məlumatlar hazırlanıb. Zeynəddin kəndində torpaqların istifadəsinə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı maarifləndirici görüş olub.
Yanvar ayında 447 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 323 texniki sənəd hazırlanıb, yeni yaranmış 18 daşınmaz əmlak obyektinə ünvan verilib, 47 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, elektron xidmətlər göstərilib.

 

Regionlar 2020-02-18 12:55:00