×
A
A
A
Sazlamalar

“İydəli pir” - şah yuxusu, Şərur düzü qələbəsi və 12 kəhriz

Kəngərli, 18 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Şahtaxtı kəndi ərazisində “İydəli pir” adlandırılan qədim bir ziyarətgah var. Pir yaşayış məntəqəsinin şərqində, kənd mərkəzindən təxminən 2 kilometr aralıda yerləşir. Qayanın təbii oyuğunda yerləşən pir Naxçıvanda tarixi çox qədimlərə gedib çıxan məşhur ziyarətgahlardan biridir. Onun ətrafı qaya parçaları ilə dördkünc formada hörülüb. Buradan tapılan maddi-mədəniyyət nümunələrini eramızdan əvvəl II-I minilliklərə aid etmək olar. Pirin ətrafı orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilib.

Yuxudan reallığa və ya 7 minlik ordunun 30 minlik qoşun üzərində əzici qələbəsi

Həmin ziyarətgahla bağlı el arasında bir çox rəvayət var. Onlardan biri isə Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai ilə bağlıdır. Belə rəvayət edilir ki, İsmayıl öz qoşunu ilə Naxçıvana gəlib “İydəli pir”də gecələyir. Yuxusunda baş verəcək döyüşdə qələbə qazanacağı müjdələnir. Ancaq reallıqda bu, mümkün deyildi. Çünki düşməni Əlvənd Mirzənin 30 minlik ordusuna qarşı Şah İsmayılın cəmisi 7 minlik qoşunu var idi. Qüvvələr balansı tamamilə pozulmuşdu. Buna baxmayaraq, İsmayıl yuxusunun da təsiri ilə qələbəyə böyük inamla düşmən üzərinə hücum çəkir və Şərur düzündə baş verən döyüşdə Əlvənd Mirzənin ordusunu darmadağın edir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzənin köməyinə çatmır.

Üç qədim məzar

Pirin yerləşdiyi təpənin üstündə üç qədim məzar, əhatəsində isə şiəlikdə mühüm rəqəm sayılan 12 kəhrizin yeri qalıb və onlardan bir neçəsi hazırda da Araz çayı istiqamətində axır. Həmin məzarların İslamda yüksək mərtəbələrə yüksəlmiş şəxslər aid olduğu deyilir. 

Qeyd edək ki, məşhur rus tədqiqatçı Konstantin Nikolayeviç Smirnovun “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında Şahtaxtı ərazisində XIV əsrdə “Nemətullahi” təriqətinə mənsub dərvişlərin yaşadığı qeyd edilir. Belə qənaətə gəlmək olar ki, pirin İslamla əlaqələndirilməsi də bu təriqət ilə bağlıdır.

“Çəkisi azalan” daşlar

Bu gün Şahtaxtı kəndinin sakinləri ilə yanaşı, qonşu kəndlərdən də “İydəli pir”i ziyarət edənlər az deyil. Kəndin yaşlı sakinləri pirdə daşyapışdırma, daşqaldırma kimi inanc formalarının indi də yaşadıldığını deyirlər. Daşın yapışması, eyni zamanda, qaldırılan daşın insana yüngül gəlməsi inancları xalq arasında duaların qəbul olunduğu fikrinin yayılmasına səbəb olub. Bir sözlə, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də “İydəli pir” insanların qədim inanc yeri kimi tanınır.

 

AZƏRTAC-ın Naxçıvan bürosu

Regionlar 2020-02-18 07:47:00