×
A
A
A
Sazlamalar

Ağdamda şəhid Ayaz Abbasovun xatirəsi anılıb

Ağdam, 18 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhid Ayaz Abbasovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev, şəhidin qardaşları Niyaz və Qiyas Abbasovlar, sinif yoldaşları və müharibə veteranları çıxış edərək, onun həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda Ayaz Abbasov da könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb. Bir çox döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin müdafiəsi zamanı şəhid olub. Vaxtilə təhsil aldığı Qaradağlı kənd orta məktəbi onun adını daşıyır.
Mərasim iştirakçıları şəhid Ayaz Abbasov haqqında videoslaydı izləyiblər, məktəblilər ədəbi-bədii kompozisiya təqdim ediblər.

Regionlar 2020-02-18 05:06:00