×
A
A
A
Sazlamalar

® “Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı fevralın 13-14-də Bakıda baş tutmuş “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində ölkəmizdə rəqəmsal iqtisadiyyatın qurulması, xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə həsr olunan plenar sessiyada təqdim edilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra olunan “Azerbaijan Digital Hub” proqramını təqdim edib, müasir dövrdə rəqəmsal transformasiya prosesləri barədə geniş danışıb.
Baş direktor rəqəmsallaşmanın cəmiyyətlər və dövlətlər qarşısında inkişaf üçün yeni imkanlar açdığını, rəqəmsal iqtisadiyyat quruculuğu məsələsinin hazırda ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Şirkət rəhbəri proqram çərçivəsində infrastruktur quruculuğu layihələri barədə məlumat verib, ölkə daxilində fiber-optik kabel xətlərinin çəkilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə icra edilən layihəni, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsini qeyd edib. O, bu layihələr sayəsində Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal ipək yolunun formalaşacağını, “Digital Hub” proqramının son nəticədə ölkənin rəqəmsal mərkəzə çevrilməsi və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər məruzəçilər aidiyyəti mövzularda təqdimatlar edib, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğunda fərqli təcrübələr barədə fikir mübadiləsi aparıblar.
Beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya Alyansının dəstəyi və “Bakcell” şirkətinin sponsorluğu ilə keçirilib.
“AzerTelecom” Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Şirkət Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvüdür.
Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında saziş 2019-cu il oktyabrın 9-da Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan “PAŞA Bank”, “B.EST Solutions”, “AzerTelecom” və dövlət sektorunu təmsil edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “ASAN İmza” mobil elektron imza vasitəsilə imzalanıb. Konsorsium Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi, ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium ölkəmizi dünya bazarlarına bağlamaq, eyni zamanda, Azərbaycanın Avropa ilə Asiya arasında yeni rəqəmsal qovşaq kimi irəliləyişi üçün fürsət təqdim edir.

İKT 2020-02-17 16:20:00