Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
Daşkənd, 17 fevral, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində “Hər anımız Vətən desin” adlı şeir müsabiqəsi elan edib.
Mərkəz müsabiqə çərçivəsində hər iki ölkə şairlərinin və gənc poeziyasevərlərin Qarabağa həsr etdikləri ən yaxşı şeirlərin, poemaların seçilməsi, habelə onların toplu halında nəşrini planlaşdırır.
Müsabiqəyə əsasən, Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, tarixi dostluğumuz, həmrəyliyimiz, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, İslam irsi, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhfələr, bölgənin gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, aprel zəfəri, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərinə üstünlük veriləcək.
Müsabiqəyə təqdim olunacaq əsərlərin bu il martın 1-dən sentyabrın 15-dək AMM-nin elektron poçtuna ([email protected]) göndərilməsi xahiş olunur.
Müsabiqəyə təqdim olunan şeir və poema ilə bərabər müəllifin şəxsiyyət vəsiqəsinin surəti (elektron formada) və özü haqqında qısa məlumat əlavə edilməlidir.
Toplanan əsərlər sonda hər iki dilə tərcümə olunacaq və kitab halında çap ediləcək.
Müsabiqənin yekununda hər ölkədən ən yaxşı 3 əsərə (ümumilikdə 6 nəfər) Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcək.
Qaliblərin şeirləri hər iki ölkənin mətbuatında çap olunacaq.
Yekunda AMM tərəfindən “Hər anımız vətən desin” adlı təntənəli poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir