Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün keçiriləcək buraxılış imtahanlarına 25 bina ayrılıb

Bakı, 14 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçiriləcək buraxılış imtahanında 3178 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
DİM-dən AZƏRTAC-a bildirilib ki, respublikanın 23 şəhər və rayonunda təşkil olunacaq imtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.
İmtahan saat 11:00-da başlanır. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-imtahana buraxılış vərəqəsini;
-şəxsiyyəti təsdiq edən sənədin əslini;
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.

Elm və təhsil 2020-02-14 18:32:00