Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cənub bölgəsinin gəncləri Masallıda istedad və bacarıqlarını nümayiş etdiriblər

Masallı, 14 fevral, Bağır Əliyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “El havası” adlı əyləncəli musiqi layihəsi çərçivəsində növbəti tədbir 2020-ci ilin “Gənclər paytaxtı” seçilən Masallı rayonunda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi ölkəmizin rayon və şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdir.
Masallı Rayon Mədəniyyət Mərkəzində baş tutan yarışma 3 nominasiya üzrə - rəqs, solo ifa, musiqi alətində ifa üzrə keçirilib.
İki gün davam edən yarışmanın ilk günündə Salyan, Neftçala Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarından olan gənclər istedad və bacarıqlarını nümayiş etdiriblər.
Fevralın 14–də isə Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan gənclər çıxış ediblər.
Qeyd edək ki, zonalarda keçirilən “El havası” yarışmasının qalibləri Bakıda təşkil olunacaq qala-konsert proqramına qatılacaqlar.

Regionlar 2020-02-14 18:37:00