×
A
A
A
Sazlamalar

Dini radikal qrupların təsiri altına düşməmələri üçün gənclərə din düzgün şəkildə çatdırılmalıdır

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlı rayonunda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyd edilib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsiri altına düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır. Dini radikal və ekstremist qrupların təbliğat və yayılma metodları haqqında məlumat verilib, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərin təbliğinin rolu diqqətə çatdırılıb.
Bundan başqa, Cəlilabad rayonu Privolnoye kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması yolları" mövzusunda seminar-treninq keçirilib.
Çıxışlarda radikalizmin törətdiyi fəsadların qarşısının alınmasında və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açılıb. Dini radikalizmin və digər zərərli vərdişlərin, eləcə də erkən nikahların qarşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd edilib, gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.

Din 2020-02-14 18:51:00