Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Coğrafiya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə strateji xəritələr hazırlayacaq

Bakı, 14 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olub. Məqsəd institutun direktoru, akademik Ramiz Məmmədov və coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov tərəfindən tərtib edilmiş Azərbaycanın ekoloji risklər xəritəsinə baxış keçirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaq olub. Bu barədə AMEA-dan AZƏRTAC-a məlumat verilib.
Qonaqlarla görüşdə akademik Ramiz Məmmədov vəsaitin tərtibində şəxsi müşahidələrlə yanaşı, müəssisənin bugünədək hazırladığı mövcud xəritələrdən də geniş istifadə olunduğunu bildirib. Qeyd edib ki, insan fəaliyyətinin inkişafı, yeni texnologiyaların yaranması və texnogen hadisələrin artması risklərin də sayını çoxaldır və xəritədə mütəmadi dəyişikliklərin edilməsi zərurətini meydana çıxarır.
Sonra M.İsmayılov təqdimatla çıxış edərək problemin aktuallığını təyin edən səbəblər, insan həyatı üçün təhlükə törədən texnogen amillər, təbii fəlakətlərin yayılmasının qanunauyğunluqları, Azərbaycanda ekoloji risklərin qiymətləndirilməsi və xəritələşdirilməsi barədə danışıb.
Nazir müavini Firdovsi Əliyev Coğrafiya İnstitutu alimlərinin əməyini yüksək qiymətləndirib və iki müəssisənin əməkdaşlarının ölkə üçün strateji əhəmiyyət kəsb edən irimiqyaslı xəritələrin hazırlanmasında birgə əməkdaşlığının böyük səmərə verəcəyini qeyd edib.

Elm və təhsil 2020-02-14 18:02:00