×
A
A
A
Sazlamalar

Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək

Bakı, 14 fevral, AZƏRTAC 

Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 13 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli və “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli fərmanlarında dəyişiklik edilib. Qanunvericilkdə edilmiş bu dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur.
Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılıb və bu günədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olub.
Yaxın vaxtlarda isə agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Tikinti̇ 2020-02-14 17:57:00