Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın direktoru Kərim Tahirov məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edib.
Direktor, həmçinin çıxışında qeyd edib ki, bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. “Kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan gənclərimizin, oxucularımızın olması sevindirici haldır”, - deyə K. Tahirov bildirib.
Natiq “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik edib, bu günün keçirilməsində əsas məqsədin gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamağın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğulayıb.
Orta məktəb müəllimi Gülgəz Həsənova bildirib ki, bu tədbir yeniyetmələrin həyatında böyük iz buraxacaq və onların kitaba, mütaliəyə marağını artıracaq.
Sonra məktəblilərə Milli Kitabxananın direktoru tərəfindən kitablar hədiyyə edilib.
Sonda məktəblilər şeirlər səsləndirib və kitabxanada təşkil olunan sərgi ilə tanış olublar.

Mədəniyyət 2020-02-14 14:39:00