×
A
A
A
Sazlamalar

“Mobile World Congress” sərgisi koronavirusa görə təxirə salınıb

Madrid, 13 fevral, AZƏRTAC
Barselonada mobil sənaye sahəsində ən iri sərgilərdən biri - “Mobile World Congress” (MWC) koronavirus epidemiyasına görə təxirə salınıb. AZƏRTAC xəbər verir ki, sərgi Kataloniya paytaxtında fevralın 24-27-də keçirilməli idi.
Bu barədə qərar çərşənbə günü axşam GSMA Operatorlar Assosiasiyasının rəhbər orqanı olan Şuranın iclasında altısaatlıq müzakirələrdən sonra qəbul edilib. İclasda dünyanın əsas rabitə operatorlarının GSMA Şurasını təşkil edən 26 nümayəndəsi iştirak edib.
GSMA Şurası bu radikal qərarı koronavirus epidemiyasından sonra və ölkənin hakimiyyət orqanlarının sağlamlıq üçün riskin olmadığını israrla bildirməsinə baxmayaraq qəbul edib.
Məlumatda qeyd edilir ki,GSMA koronavirus epidemiyasının yaratdığı qlobal təşvişə, səfərlərlə bağlı narahatlığa və tədbirin keçirilməsini qeyri-mümkün edən bir çox digər hallara görə sərgini təxirə salmaq qərarına gəlib.
Bundan əlavə, həmin qərar koronavirusdan ehtiyat edən “Vivo”, “Sony”, LG, TCL, HMD, “Nokia”, “Ericsson”, “Amazon”, “Facebook” kimi iri şirkətlərin “Mobile World Congress”in işinə qatılmaqdan imtina etməsi ilə bağlıdır.
“Mobile World Congress” mobil sənayedə ən iri və maraqlı illik sərgilərdən biridir. Ən iri sərgilərdən birinin işində 2800 şirkətin iştirakı planlaşdırılırdı. Sərgi 100 000-dən çox ziyarətçi qəbul etməyə hazırlaşırdı. Şirkətlər adətən bu sərgidə özlərinin bir çox yeni smartfonlarını nümayiş etdirir və gələcəyin telefonlarının necə ola biləcəyi barədə fikirlərini bölüşürlər. Builki sərgidə “Samsung”, LG, “Nokia”, “Huawei”, “OnePlus”, “Sony” kimi iri şirkətlərdən yeniliklərin təqdimatı gözlənilirdi. Beşinci nəsil şəbəkələrə xüsusi diqqət yetirilməli idi, çünki smartfon istehsalçıları 5G-nin dəstəklədiyi mobil qurğuların sayını iki dəfə artırmaq niyyətindədirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Texnologiya 2020-02-13 12:20:00