×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçılarını dəvət edir

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında yazıçı Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşa nümayiş ediləcək. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada əsas rolları Əməkdar artistlər Elşən Rüstəmov, Elnur Hüseynov, Kəmalə Hüseynova, Zemfira Əbdülsəmədova, aktyorlar Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov, Nurlan Süleymanlı canlandıracaqlar.
Tamaşanın rejissoru Elşad Rəhimzadə uşaqların mənəvi-estetik cəhətdən tərbiyəsi üçün bu cür mövzulara müraciət etməyin mühüm olduğunu vurğulayıb: “Ümumiyyətlə balacaların tərbiyəsi, şəxsiyyətin formalaşdırılması üçün belə ibrətamiz əsərlərin qoyulması, onlara təqdim olunması vacibdir. Gözütoxluğu, sədaqəti təbliğ edən bu səhnə əsərinin balaca tamaşaçıların ürəyincə olacağına inanırıq”.

Teatr və kino 2020-02-13 10:25:00