×
A
A
A
Sazlamalar

Astara yük terminalının fəaliyyətə başlamasından 2 il keçir

Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhədindən 1,4 kilometr aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, 2 il əvvəl tikintisinin birinci mərhələsi başa çatan terminalda ilk yük qatarı qəbul edilib. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil olub, terminalda vaqonların boşaldılması prosesi həyata keçirilib və beləliklə, Astara terminalı fəaliyyətə başlayıb. Astara terminalının tikintisi 2017-ci il iyunun 13-də imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.
Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kvadratmetr sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda, terminal daxilində administrativ bina inşa olunub ki, hazırda burada İranın gömrük orqanları yerləşdirilib. İkinci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda aşırılma əməliyyatlarının aparılması üçün işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunan nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatlarının aparıldığı meydançaların sahəsi artırılacaq.
Astara terminalından keçən yüklərin həcminə gəlincə, 2019-cu ildə terminaldan “ADY Express” tərəfindən aşırılan yüklərin həcmi 400 min tona yaxın olub. Terminalın fəaliyyəti dövründə, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın təşkil edib. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tonadək yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.
Bununla yanaşı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində də işlər həyata keçirilməkdədir.

Nəqliyyat 2020-02-10 19:45:00