×
A
A
A
Sazlamalar

Rəşad Əhmədzadə: Azərbaycan Dövlət Kukla Teatrı daim tamaşaçılarının səhnə zövqünə xitab etməyə çalışır

Bakı, 10 fevral, AZƏRTAC

Hər ötən ili tamaşaçıları qarşısında hesabat dövrü sayan, bütün səhnə-sənət nümunələrində onların teatr zövqünə xitab etməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, hələ 88-ci mövsümünə start verərkən teatrsevərlər qarşısında yeni vədlər verdi. Biz sənət ocağı, teatr müəssisəsi olaraq daim çoxsaylı tamaşaçılarımızın səhnə zövqünə xitab etməyə çalışırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə deyib.
O bildirib ki, mövsümün yola salınan aylarında sənət ocağının kollektivi tərəfindən bir neçə uğurlu teatr layihələri reallaşdırılıb.
“İlk olaraq Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında eyniadlı, tam yeni və fərqli bir tamaşa hazırladıq və möhtəşəm premyera ilə yüzlərlə tamaşaçının sürəkli alqışını qazandıq. Səhnələşdirəni publisist Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan tamaşa milli kukla sənətimizin ən vacib elementlərini müasir vasitələrlə həmahəng təqdim edən beynəlxalq layihələrimiz sırasına daxil oldu. Belə ki, bu tamaşa Azərbaycan Dövlət Kukla Teatrı, “İTALDİZAİN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gəlmişdi. Biz hər ilin sonunda yeni premyera vədimizə bu il də sadiq qaldıq. Yeni il münasibətilə yeni tamaşa hazırlayan və tamaşaçılarına sevinc bəxş etmək üçün “Qış karnavalı” adlı maraqlı səhnə işi təqdim etdik və çoxsaylı tamaşaçıların təşəkkür ünvanına çevrildik. Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli kukla tamaşası rəngarəng səhnə tərtibatı, karnaval üslubunda həlli ilə maraqlı alındı”, - deyə Rəşad Əhmədzadə söyləyib.
Ötən ilin uğurlarından söz açan teatrın direktoru deyib ki, Kukla Teatrı 2019-cu ildə bir sıra sosial-mədəni aksiyalara ev sahibliyi edib, irimiqyaslı layihələrin əsas təşkilatçısı olub: “ Bununla da teatrın maarifləndirmə, mənəvi-estetik zövq formalaşdırma ünvanına öz töhfələrimizi verməyə çalışdıq. Ümumən il ərzində həyata keçirdiyimiz hər bir layihədə, baş tutan hər bir premyerada, reallaşdırdığımız hər bir yerli və ya xarici qastrolda kuklaçıların ləyaqətlə təmsil etdiyi sənət sahəsinin xoş sorağını yaymağa nail olduq. Bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlilliyi olan uşaq və yeniyetmlərin özünüifadə meydanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Küllücə” adlı teatr-studiyasını da ötən il təsis etdik və bu istedadlı balalarımıza da səhnə, meydan verdik. Beləcə 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya iki qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərməklə məhdudiyyətli uşaqlar və onların həssas qrupdan olan ailələri üçün ümid, sevgi məqamına ucaldı. Layihənin miqyasını genişləndirərək ölkənin mədəniyyət gündəmində uzun müddət maraqla müzakirə olunan “Oyun” teatrını da yaratdıq. Beləcə teatrın nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi teatr tərəfindən hazırlanmış “Solğun sevgilər” təqdim olundu. Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstək verdiyi bu layihə özünün uğurlu təqdimatını yeni tamaşalarla davam etdirməkdədir”.
Müsahibimiz aktyor potensialını artırmaqla yanaşı, onların peşəkarlıq səviyyəsini, yeni teatr meyllərinə nüfuz imkanlarını da genişləndirən təhsilə və səhnə vərdişlərinin artırılmasına da xüsusi önəm verildiyini qeyd edib. O, bu məqsədlə teatrda ustad dərslərinin keçirildiyini bildirib. Vurğulayıb ki, teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəliklərini tanınmış teatr rejissoru və aktyoru Namiq Ağayev öyrədib.
Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsilli məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından yarana biləcək çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdiriləcək.
2020-ci ilin yaradıcılıq planlarına gəlincə, sənət ocağının rəhbəri bunları söyləyib: “Müvafiq plan üzrə 4, plandankənar isə hələ ki, 2 yeni tamaşanın hazırlığını nəzərdə tutmuşuq. Hazırda paralel olaraq 3 yeni tamaşanın məşqi gedir və martın sonunadək hər tamaşa sevimli balacalarımıza təqdim olunacaq. Kukla teatrı spesifik teatrdır və onun digər teatrlardan tam fərqli və mən deyərdim ki, daha tələbkar tamaşaçıları var. Çünki uşaq üçün maraqlı və həm də maarifləndirmə missiyalı tamaşa hazırlamaq elə də asan deyil. Çünki uşaqlar həssas varlıqlardır və onlar istənilən informasiyanı elə-belə qəbul etmirlər. Digər tərəfdən, hər dramaturji materialı da kukla teatrı estetikasında təqdim etmək və ona bir saat ərzində baxımlı bir forma – rəssam işi, musiqi tərtibatı, rejissor yozumu – vermək elə də asan deyil. Bizim digər əsas missiyamız uşaqlar üçün hazırlanan tamaşaları böyüklər üçün də maraqlı etməkdir. Çünki bizim əsas tamaşaçımız uşaqlarla yanaşı elə həm də valideynlər, yəni böyüklərdir. Doğrudur, əsl uşaq tamaşası böyüklər üçün də maraqlı olmalıdır. Amma biz həm də əsas tamaşaçımız olan balacaların rəngli nağıl dünyasını, zəngin fantaziyalarını, eləcə də az qala hər an yenilənən cizgi film effektlərinə alışan nəzərlərini məhdud bir səhnəyə cəmləşdirməyi bacarmalıyıq. Ona görə də istər əsər seçimi, istər musiqi həlli, istərsə də oyun texnikasını həssaslıqla təyin edirik. Teatrımızın bədii şurası və çoxsaylı tamaşaçılarının ünvanlı müraciətləri əsasında hərtərəfli müzakirə apardıqdan sonra seçdiyimiz 2020-ci il repertuarı yəqin özünün həqiqi tamaşaçı dəyərini alacaq”.
R. Əhmədzadə əlavə edib ki, bu il tanınmış uşaq yazarı Xanımana Əlibəylinin 100 illiyi münasibətilə onun “Cunquş” əsəri əsasında tamaşa hazırlanacaq. Bundan başqa, A.S. Puşkinin “Balıqçı və balıq” nağılı əsasında teatrın istedadlı rejissoru Anar Məmmədovun quruluşunda “Qızıl balıq” tamaşası artıq məşq prosesindədir və fevralın sonunda tamaşaçıların ixtiyarına veriləcək.
“Bu, hər nə qədər klassik nağıl olsa da, tamaşanı uşaqlar fərqli yozumda izləyə biləcəklər. Tamaşaçıların tanış olduğu mövzulara onların baxışından fərqli yozumda səhnə həlli verməyə çalışırıq. Belə ki, çağdaş zamanı, müasir texnologiyaları da nəzərə alaraq uşaqların teatrdan gözləntilərini göz önünə gətiririk. Tamaşalarımızda bu rəngarəngliyi qabartmağa çalışırıq. Eyni zamanda bu il xalq nağıllarımıza da müraciət edəcəyik. Hər zaman teatrımızda “Məlikməmmədin nağılı” nümayiş olunub. Bu dəfə uşaqlar fərqli quruluşda tanınmış xalq nağılımızı izləmək imkanı əldə edəcəklər. Tamaşanın quruluş həlli bugünkü dövrümüzlə səsləşəcək. Bu, teatrımızın baş rejissoru Qurban Məsimovun quruluşunda uşaqların gördüyü, bildiyi Məlikməmməddən fərqli bir tamaşa olacaq”, - o, belə deyib.
Kukla Teatrının yaradıcılıq planlarında kənar rejissorların cəlb olunması haqqında danışan R.Əhmədzadə məşq prosesindəki iki yeni tamaşa barədə də məlumat verib.
Qeyd edib ki, tanınmış rejissor Elşad Rəhimzadə H.X. Andersenin məşhur “Kibritsatan qız” əsərini hazırlayır və azyaşlı tamaşaçılar sözügedən səhnə əsərində bu günədək gördüklərindən tam fərqli bir qızcığaz hekayəsi izləyəcəklər.
Eyni zamanda, yazıçı-publisist Səməd Behrənginin “Qara balığın nağılı” hekayəsi əsasında pantomima elementləri ilə zəngin “Balaca qara balıq” adlı kukla oyununun da məşqləri gedir. Yeni səhnələşdirmədə təqdim olunan əsərə Namiq Ağayev quruluş verir və tamaşa martın sonlarında izləyici qarşısına çıxacaq.
“Bundan başqa, tanınmış kuklaçı rejissor Rauf Afşarovu da teatrımıza dəvət etmişik. O, bizim səhnədə “Ağ daşın sirri”ni tapmağa çalışacaq. Bu tamaşa da mövsümün sonunadək teatrsevərləri öz ətrafına toplayacaq. Hələ ki, tam açıqlamaq istəmədiyim daha iki tamaşa planımız da var ki, onu da xaricdə yaşayan istedadlı rejissorlarımızla apardığımız danışıqların nəticəsindən sonra elan edəcəyik. Özünün rəngarəng repertuar ənənəsinə sadiq qalan teatrın repertuarında olduğu kimi, yaradıcı heyətində də yeniliklər var. Belə ki, bədii və texniki heyətlə yanaşı, aktyor truppasına da gənc aktyorlar cəlb olunub. Elə məhz yeni və ümumiyyətlə aktyor truppasında fərqli səhnə texnikalarının mənimsənilməsi üçün xarici və yerli mütəxəssislərin iştirakı ilə ustad dərslərini də davam etdirəcəyik”.

Teatr və kino 2020-02-10 12:17:00