×
A
A
A
Sazlamalar

Azərbaycan İsraildəki “CyberTech Global 2020” konfransında təmsil olunur

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan İsraildə keçirilən “CyberTech Global 2020” konfransında təmsil edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İsrailin paytaxtı Təl-Əvivdə "CyberTech Global 2020" beynəlxalq sərgi-konfransı işə başlayıb. İsrailin Baş Naziri Benyamin Netanyahu konfrans iştirakçılarına videomüraciət ünvanlayıb.
Daha sonra tədbirdə bu il ilk dəfə “5G” texnologiyası və onun üzərindən həyata keçirilən kiberhücumlar haqqında məlumat verilib. Ümumilikdə 18 minədək iştirakçının qatıldığı sərgi-konfransda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov təmsil edir.
Konfransda çıxış edən İsrailin Elektrik Korporasiyasının idarə heyətinin rəhbəri Yiftah Ron-Tal qeyd edib ki, hazırda dünyada 1 milyarddan çox insan elektrik enerjisi olmadan yaşayır: "Bu isə bizi "yaşıl enerji" ilə bağlı fəaliyyətimizi genişləndirməyə sövq edir".
İsrail rəsmisinin fikrincə, kiberhücumlara qarşı mübarizə aparmaq üçün ən effektiv addımlardan biri bu sahədə fəaliyyət göstərən startapların dəstəklənməsidir: "Təkcə 2019-cu ildə İsraildə kibertəhlükəsizlik üzrə 12 startapa 1,9 milyard ABŞ dolları investisiya yatırılıb".
Dünya üzrə kiberhücumların aktivliyindən danışan Y.Ron-Tal hər saniyədə 11 mindən çox hücum qeydə alındığını açıqlayıb.

 

İKT 2020-01-30 12:02:00