×
A
A
A
Sazlamalar

Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışları başa çatıb

Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb. Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, çempionatın ilk günü komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadınlar arasında birinci yeri “Bakı–I” komandası tutub. Sonrakı iki yerə “Sumqayıt” və “Bakı-II” komandaları layiq görülüb. Kişilərin komanda yarışlarının qalibi “Bakı-II” olub. İkinci və üçüncü yerlərdə isə “Bakı-I” və “Bakı-III” komandalarının stolüstü tennisçiləri qərarlaşıblar.
Ölkə çempionatında Bakı (5 komanda), Sumqayıt (3 komanda), Şirvan, Salyan, Masallı, Şəki komandaları mübarizə aparırlar. Yarışlarda, ümumilikdə 80-ə yaxın idmançı gücünü sınayır. Yarış şəxsi-komanda xarakteri daşıyır. Çempionata yanvarın 31-də yekun vurulacaq.

İdman 2020-01-28 21:30:00