×
A
A
A
Sazlamalar

Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri: Türkiyə qardaş Azərbaycanla hər zaman bir yerdə olacaq

Ankara, 28 yanvar, AZƏRTAC

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmağım məni çox şərəfləndirdi. Bu yüksək mükafata görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmən söyləyib. Bələdiyyə sədri ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq bildirib ki, Türkiyə qardaş Azərbaycanla indiyədək olduğu kimi, bundan sonra da bir yerdə olacaq. Böyükşəhər bələdiyyəsinin qərarı ilə Ərzurumun ən böyük prospektlərindən birinin Azərbaycan, eləcə də şəhərin mərkəzi meydanlarından birinin Heydər Əliyev Parkı adlandırılması Azərbaycan xalqına olan tükənməz ehtiramın göstəricisidir.
Açıqlamada XX əsrin əvvəllərində erməni silahlı birləşmələrinin Osmanlının şərq hissəsində müsəlman-türk əhaliyə qarşı törətdiyi cinayətlərdən və bu ağır vəziyyətdən qurtarmaq üçün xalqlarımızın sərgilədiyi birgə mübarizədən mühüm məqamlara toxunularaq qeyd olunur ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti “qardaş köməyi” adı altında ərzurumlu qardaşlarına yardım əli uzadıb. Bu yardımla əlaqədar səlahiyyətli olan gəncəli Seyidov Azərbaycanda toplanan yardımları Ərzuruma gətirib. Çox çətin bir şəraitdə bölgəyə çatdırılan un, arpa, mərcimək və buğdadan ibarət 62 min çuval ərzaq yardımı və 13 min 252 çuval geyim Ərzurum, Pasinlər, Hınıs və İspirdə əhaliyə paylanıb. Gəncəli qəhrəman Seyidov və qardaşları yardım gətirməklə kifayətlənməyərək yerli əhali ilə çiyin-çiyinə erməni silahlı birləşmələrinə qarşı döyüşüblər. Ermənilərin planladığı hücum nəticəsində Ərzurum bələdiyyə heyəti ilə birlikdə şəhid olan Seyidovun xatirəsi daim ürəklərdə yaşayacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2020-01-28 19:47:00