×
A
A
A
Sazlamalar

AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İcraiyyə Komitəsinin yeni üzvləri Könül Mehdiyevaya, Fərid Mansurova və Elxan Məmmədova müvafiq sənədlər təqdim olunub.
AFFA prezidenti İcraiyyə Komitəsinin üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.
Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti, Elxan Məmmədov isə icraçı vitse-prezidenti vəzifələrinə təsdiqləniblər. Elxan Məmmədovun, eyni zamanda, baş katib vəzifəsini də icra etməsi qərara alınıb.
İclasda İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret istiqamətlər müəyyənləşdirilib. Belə ki, İsgəndər Cavadov region futbolu, Kazbek Tuayev veteranlarla iş, Zaur Axundov futzal, Rauf Əliyev uşaq və gənclər futbolu, Vaqif Sadıqov məşqçi və klublarla iş, Elşad Nəsirov milli komandalarla iş, Fərid Mansurov Gənclər və İdman Nazirliyi ilə koordinasiya, Firudin Qurbanov tələbə futbolu, Mahir Məmmədov Sahə Futbol federasiyaları ilə koordinasiya, Elmar Məmmədyarov dövlət orqanları ilə əlaqələr, Könül Mehdiyeva isə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcəklər.
İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb.
İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub.

İdman 2020-01-28 19:11:00