×
A
A
A
Sazlamalar

Meksikanın ABC radiosunda 20 Yanvar faciəsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışılıb

Vaşinqton, 28 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov bu ölkənin geniş auditoriyaya malik ABC radio kanalında tanınmış jurnalist Federiko Lamonta 20 Yanvar faciəsinin 30-cu ildönümü və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə müsahibə verib.
Səfir Qara Yanvar faciəsinin Azərbaycanın müstəqilliyi yolunda ən mühüm dönüş nöqtəsi olduğunu bildirərək, 20 Yanvarın tariximizin ən kədərli və eyni zamanda, ən şərəfli səhifələrindən olduğunu deyib. O, 20 Yanvar hadisələrinin totalitar rejimin Azərbaycanın müstəqilliyinin boğulması və kommunist diktaturasının hakimiyyətinin saxlanılmasına yönəlmiş son həmləsi olduğunu deyib. Bu qanlı hadisələrin səbəblərindən danışan səfir Ermənistanın əsassız torpaq iddialarını, Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni separatçı və şovinist milliyyətçi qrupların azərbaycanlılara qarşı cinayətkar hərəkətlərini, həmçinin M.Qorbaçov başda olmaqla sovet rejiminin Azərbaycan Respublikasına münasibətdə ədalətsiz və olduqca qərəzli siyasətini qeyd edib.
Misli görünməmiş qəddarlıqla seçilən və insanlığa qarşı cinayət kimi qiymətləndirilən 20 Yanvar dəhşətləri barədə ətraflı məlumat verən diplomat SSRİ rəhbərliyi tərəfindən bilərəkdən hazırlanmış bu amansız addım nəticəsində sovet ordusunun tank və digər zirehli texnikasının günahsız Azərbaycan xalqına qarşı istifadə edildiyini və nəticədə yüzlərlə həmvətənimizin qətlə yetirildiyini və yaralandığını bildirib. Bu faciədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin baş vermiş hadisələri xalqımıza qarşı cinayət adlandıraraq buna lazımi qiymət verilməsini və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyini diqqətə çatdırıb.
Aparıcının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə sualını cavablandıran səfir Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın ölkəmizin çətin vəziyyətindən istifadə edərək torpaqlarımıza təcavüz etdiyini vurğulayıb. O, münaqişə barədə məlumat verərək Ermənistanın beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanın suveren və hamılıqla tanınmış ərazisinin 20 faizini işğal altında saxladığını və həmin torpaqlarda yaşamış azərbaycanlıları etnik təmizləməyə məruz qoyduğunu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal azad edilməsini və əhalisinin öz doğma yurdlarına qayıtmasını tələb edən dörd qətnaməsinə Ermənistanın indiyədək məhəl qoymadığını bildirib. Eyni zamanda, o, fürsətdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəkləməsinə və münaqişənin beynəlxalq hüququn bu prinsipi və o cümlədən BMT Təhlükəsizlik Şurasının adıçəkilən qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğuna görə Meksika hökumətinə təşəkkürünü bildirib.
Səfir, həmçinin Meksika ilə Azərbaycan arasında mövcud olan münasibətlərdən danışıb, Meksikanın regionda ölkəmiz üçün ən mühüm tərəfdaşlardan olduğunu bildirib. O, eyni zamanda, Meksikanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda fəaliyyət göstərdiyi yeganə səfirliyinin məhz Bakıda olmasının da təsadüf olmadığını bildirib, əməkdaşlıq dinamikasının müsbət olduğunu deyib. Mədəniyyət, ticarət, parlamentlərarası əlaqələr, idman, təhsil və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində işin aparıldığını bildirib.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

20 yanvar 2020-01-28 18:48:00