×
A
A
A
Sazlamalar

Monqolustan koronavirus səbəbindən Çinlə sərhədi bağlayır

Bakı, 27 yanvar, AZƏRTAC

Monqolustanın hakimiyyət orqanları Çində koronavirusun yeni növünün yayılması səbəbindən qonşu ölkə ilə sərhədi bağlamağı qərara alıb.
AZƏRTAC Montsame agentliyinə istinadla xəbər verir ki, Monqolustan hökumətinin bazar günü keçirilmiş təcili iclasının qərarına əsasən, yanvarın 27-dən etibarən Çinlə bütün sərhəd keçidləri həm avtomobillər, həm də piyadalar üçün bağlanır. Eyni zamanda, təhsil müəssisələrinin fəaliyyəti dayandırılır və kütləvi tədbirlər ləğv olunur. Nazirlər Kabineti bütün universitetləri, institutları və peşə təhsili mərkəzlərini, məktəbləri və uşaq bağçalarını martın 2-dək bağlamaq barədə sərəncam verib.
Agentliyin məlumatına görə, ölkədə hələlik koronavirusa yoluxma halı qeydə alınmayıb. Lakin hakimiyyət orqanları onun yayılma riskinin yüksək olaraq qaldığını bildirirlər.
Xatırladaq ki, Çinin materik hissəsində koronavirusun yeni növünə yoluxanların sayı 2744 nəfərə çatıb, onların 80 nəfəri həyatını itirib. Həmçinin Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal və Kanadada ümumilikdə 37 nəfərin bu virusa yoluxması təsdiqlənib.

Dünya 2020-01-27 12:46:00