×
A
A
A
Sazlamalar

Litvalı jurnalist : Qanlı Yanvar kimi ağrılı mövzuya məsuliyyətsiz şərhlər vermək təhlükəlidir

Bakı, 27 yanvar, AZƏRTAC

Litvanın “slaptai.lt” internet-portalında 20 Yanvar faciəsindən bəhs edən “Tarixçi Alqis Kasperaviçyus nəyi demədi” (“Чего не сказал историк Альгис Касперавичюс”) başlıqlı məqalə dərc olunub.
AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla bildirir ki, tanınmış litvalı jurnalist İrma Ajuole məqaləsində tarixçi Alqis Kasperaviçyusun 30 il əvvəl Bakıda baş vermiş faciəli hadisələr barədə qərəzli və həqiqətdən kənar “Oxşar, lakin fərqli Yanvar. Bakı 1990, Vilnüs 1991” (Похожие, но разные январи. Баку 1990, Вильнюс 1991) adlı şərhinə etirazını bildirib. Vurğulayıb ki, Algis Kasperaviçyus 20 Yanvar faciəsi ilə Sumqayıt hadisələri arasında qərəzli və yanlış müqayisələr apararaq, cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhd edib.
Müəllif qeyd edib ki, tarixçinin 1990-cı ildə azərbaycanlıların sıxışdırdığı erməniləri müdafiə etmək üçün sovet ordusunun Bakıya yeridildiyi kimi söylədiyi cəfəng fikir heyrət doğurur. Çünki bu, zorakılığın bəraəti üçün köhnə Kreml nağılının təkrar olunmasından başqa bir şey deyil.
İ.Ajuole vurğulayıb ki, tarixçilər Ermənistan və Dağlıq Qarabağdan əvvəlcə azərbaycanlıların qovulduğunu, azərbaycanlıların erməni torpaqlarına təcavüz etmədiyi, ermənilərin isə Dağlıq Qarabağa iddia etdiyi kimi faktlar haqqında susurlar: “...orada əzəldən azərbaycanlıların da yaşadığını əlavə etməyi unudurlar. Millətlərarası ədavətdən və onu qızışdıranlardan danışarkən düşünməyə dəyər ki, nə üçün hazırda Azərbaycanda 30 min erməni yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur...”.
Müəllif Sumqayıt hadisələrinin təşkilatçılarından birinin milliyyətcə erməni olan Eduard Qriqoryan olduğunu, əslində bu qırğına SSRİ təhlükəsizlik qüvvələrinin başçılıq etdiyinə erməni politoloq Sergey Kurginyanın aydınlıq gətirdiyini xatırladıb.
Sonda müəllif xəbərdarlıq edib ki, Qanlı Yanvar kimi ağrılı mövzuya məsuliyyətsiz şərhlər vermək təhlükəlidir. Çünki belə şərhlər həqiqəti təhrif edir, azərbaycanlıların milli heysiyyatına toxunur, millətlərarası və dövlətlərarası münasibətlərə ziyan vurur.

20 yanvar 2020-01-27 12:51:00