×
A
A
A
Sazlamalar

BMT-nin Haitidə vəba xəstəliyinə qarşı mübarizə strategiyası müsbət nəticə verib

Bakı, 27 yanvar, AZƏRTAC
BMT-nin Haitidə geniş yayılan vəba epidemiyasına qarşı apardığı mübarizə uğurla başa çatıb. Təşkilatın yerli hökumətlə birgə gördüyü işlər nəticəsində son bir ildə ölkədə bu xəstəliklə bağlı hər hansı hal qeydə alınmayıb.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Haitidə vəba epidemiyası 2010-cu ilin oktyabr ayında aşkar olunub və tez bir zamanda bütün ölkəni əhatə edib. Epidemiyaya ümumilikdə 820 min insan yoluxub və onlardan 9792 nəfəri həyatını itirib. Aparılan yoxlamalar son bir il ərzində ölkə daxilində heç bir yoluxma hadisəsinin qeydə alınmadığını göstərib.
Dünya Səhiyyə Təşkilatının (DST) bir qolu olan Pan-Amerika Sağlamlıq Təşkilatının direktoru Karissa Etyen hər hansı təhlükənin qarşısını almaq üçün haitililəri ayıq-sayıq olmağa çağırıb və vəziyyətin nəzarətdə saxlanmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, BMT Baş Assambleyası 2016-cı ilin dekabrında Haitidə vəba xəstəliyinə qarşı mübarizə strategiyasını təsdiqləyib və dövlətləri bu strategiyanın həyata keçirilməsinə yardım etməyə çağırıb. Strategiyanın reallaşdırılması üçün yüz milyonlarla vəsait xərclənib.

Dünya 2020-01-27 12:39:00