×
A
A
A
Sazlamalar

Kobi Brayantın həlak olduğu helikopter qəzasının yeni detalları aşkarlanıb

Vaşinqton, 27 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, “Los-Anceles Leykers” basketbol klubunun ulduzu Kobi Brayant Kaliforniyada helikopter qəzasında həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, basketbolçunun 13 yaşlı qızı Cianna da ölənlər arasında olub.
AZƏRTAC xəbər verir ki, Federal Aviasiya Administrasiyası nümayəndələrinin məlumatına görə, “Sikorsky S-76B” helikopteri bazar günü səhər Los-Ancelesin mərkəzindən təxminən 45 kilometr yaxınlıqda yerləşən Kalabasas şəhərində naməlum şəraitdə qəzaya uğrayıb.
Helikopter Con Ueyn adına hava limanından Sakit okean vaxtı ilə saat 09:06-da qalxıb. “Los-Anceles” qəzetinin yaydığı məlumata görə, qəza saat 10 radələrində Las-Virqenes küçəsi yaxınlığında baş verib.
Los-Anceles dairəsinin şerifi əvvəlcə göyərtədə 5 nəfərin olduğunu, onlardan heç birinin sağ qalmadığını bəyan edib. Lakin sonradan o, qəza nəticəsində 9 nəfərin həlak olduğunu bildirib.
Qəzanın başvermə səbəblərinin araşdırılması davam edir.


AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-01-27 11:46:00