×
A
A
A
Sazlamalar

Əliqismət Lalayev: Bu mövsüm yeni premyeralarla yadda qalacaq

Bakı, 27 yanvar, AZƏRTAC

Bu il, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün yeni tamaşalar, maraqlı yeniliklərlə zəngin il olacaq. Ötən il yaradıcılıq axtarışlarına gərgin əmək sərf etməklə bu uğurların əsasını qoymuşuq.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində sənət ocağının direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayev deyib.
Teatrın ötənilki fəaliyyəti haqqında danışan Ə.Lalayev bildirib ki, sənət ocağının yaradıcı kollektivinin iştirakı ilə ötən mövsüm “Buratino”, “Qırmızı papaq”, “Balaca Şahzadə”, “Paris Notr –Dama ithaf” kimi maraqlı tamaşalar hazırlanıb: “Hər bir tamaşa, həm də yeni adlar, yeni ifaçılar, yeni rejissor yozumu, bir çox həyat həqiqətlərinin səhnə inikasına yeni baxış, yeni yanaşma deməkdir. Ötən il dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Akademik” teatr statusu alan Musiqili Teatr 110-cu mövsümdə də öz yaradıcılıq axtarışlarını davam etdirmək həvəsi ilə işə başlayıb. Bu mövsüm yeni əsərlərin premyerası ilə yadda qalacaq. Tezliklə məşhur qırğız yazıçısı Ç.Aytmatovun “Cəmilə”, gürcü dramaturqu N.Dumbadzenin “Mən, nənəm, İliko və İllarion”, Azərbaycanda “Difai” hərəkatının fəallarından olmuş Nağı bəy Şeyxzamanovun həyat yoldaşı Səlimə xanımın repressiya illərindəki yaşantılarından bəhs edən “İstintaq” (Ceyhun Allahverdi, Pərviz Seyidli), “Cehizsiz qız” (A.Ostrovski) əsərlərini, “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) operettasını yeni quruluşda tamaşaçıların ixtiyarına verəcəyik”.
O vurğulayıb ki, hər il teatr bir sıra xarici ölkələrdə keçirilən festivallara dəvət edilir, beynəlxalq tədbirlərdə ölkəmiz uğurla təmsil olunur. Qeyd edib ki, ötən il Albaniyanın Elbasan şəhərində keçirilən 21-ci Beynəlxalq Teatr Festivalında teatrın kollektivi S.Bekket və F.Qarayevin “Qodonun həsrətində” tamaşasını oynayıb.
“Neçə illərdir ki, Türkiyənin Bayburt şəhərində keçirilən “Dədə Qorqud” şölənlərinin daimi iştirakçısıyıq. İranın Beynəlxalq Fəcr Festivalında da bizim teatrın tamaşaları anşlaqla qarşılanır. Mən həm bu festivalın münsiflər heyətinin, həm də TÜRKSOY-a üzv dövlətlərin teatr direktorları şurasının üzvü kimi bir sıra nüfuzlu teatr tədbirlərində iştirak edirəm ki, bu da nəticə etibarı ilə teatrımızın həm repertuarının zənginləşməsi, həm də gələcəkdə dünya səhnələrində öz uğurlarını sərgiləməsi, təcrübə mübadiləsinin genişlənməsi üçün yaradıcılıq imkanları qazandırır. 2020-ci il, bizim doğma teatrımız üçün əlamətdar ildir. Müsəlman şərqində ilk operanın müəllifi, dahi bəstəkarımız, peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin 110 il əvvəl, 1910-cu il may ayının 24-də Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Mirzəağa Əliyev, Hənəfi Terequlov kimi qüdrətli sənətkarların iştirakı ilə oynanılan “Ər və arvad” musiqili komediyası bu il 110 yaşını qeyd edəcəyimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının vizit kartı sayılır. Oynanıldığı tarixdən bir əsr vaxt keçsə də, Üzeyir bəy musiqisinin sehri, bu təkrarsız istedad sahibinin təxəyyülünün məhsulu olan əsərlərinin təsir arealı azalmır, aktuallığını itirmir, illər ötür, nəsillər dəyişir, tamaşaya maraqsa səngimir. Bəstəkarın musiqili komediya janrında yaratdığı trilogiyanın digər iki əsəri - “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları 110 ildir ki, eyni məhəbbət və çoşqu ilə oynanılır, repertuarımızda öz layiqli yerini qoruyub saxlayır”, - deyə Əliqismət Lalayev söyləyib.
Müsahibimiz əlavə edib ki, teatrın yaradıcı kollektivi ötən il olduğu kimi, bu il də İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Fəcr Festivalına dəvət alıb.

Teatr və kino 2020-01-27 10:28:00