×
A
A
A
Sazlamalar

Avstriya koronavirusla bağlı ehtiyat tədbirləri görür

Vyana, 26 yanvar, AZƏRTAC

Çində yayılan koronavirusun yeni ştammının (2019-nCoV) Avropa ölkələrində də aşkarlanması Avstriyada həyəcana səbəb olub.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Səhiyyə naziri Rudolf Anşober koronavirusun bu növünün Federal Epidemiya Qanununun müddəalarına müvafiq olaraq qeydiyyat öhdəlikli yoluxucu xəstəliklər siyahısına daxil edilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən şübhə, yoluxma və ölüm halları rəsmi qeydiyyata alınmalıdır. Nazir mətbuata verdiyi açıqlamada bildirib ki, bu sərəncam panikaya düşməyə heç bir əsas vermir, daha çox profilaktika, informasiya və diqqət xarakteri daşıyır.
Həmçinin bildirilib ki, hazırda Dünya Səhiyyə Təşkilatı və Avropa İttifaqının müvafiq qurumları ilə şəbəkələşmiş şəkildə informasiya mübadiləsi aparılır. Vəziyyəti izləyən beynəlxalq təşkilatları üzv dövlətlərə verdiyi tövsiyələr əsasında həm ölkə üzrə, həm də xaricdə səfərdə olan vətəndaşların sağlamlığının qorunması ilə bağlı qərarlar qəbul ediləcək.
Avstriya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, hazırda Çin ərazisində üç mindən artıq Avstriya vətəndaşı var. Hazırda avstriyalıların arasında yoluxma halı aşkarlanmayıb. Bununla belə, nazirliyin saytında Çin, Yaponiya, Cənubi Koreya, Tailand, Filippin, Tayvan, eləcə də virusun aşkarlandığı ABŞ və Fransaya səyahət informasiyaları aktuallaşdırılıb, Çinin Xubey vilayətinə səfər edilməsi isə tövsiyə olunmur.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Dünya 2020-01-26 07:20:00