×
A
A
A
Sazlamalar

Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının yaradılmasının 50 illiyi qeyd edilib

Vaşinqton, 25 yanvar, AZƏRTAC 

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, indiki İslam Əməkdaşlıq Təşkilatı (İƏT)) yaradılmasının 50 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT yanında İƏT-in daimi müşahidəçi missiyası tərəfindən təşkil olunmuş bayram tədbirində İƏT-in üzvü olan və bu təşkilatın üzvləri olmayan bir sıra dövlətləri təmsil edən nümayəndələr, habelə BMT Baş katibliyinin müxtəlif bölmələrinin, BMT ilə əlaqədar köməkçi orqanların, bir sıra başqa beynəlxalq təşkilat və idarələrin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Norveç Xarici İşlər nazirinin dövlət katibi də vardı.
İslam Əməkdaşlıq Təşkilatının daimi müşahidəçisi, səfir Aqşin Mehdiyev qonaqları salamlayandan sonra qısa bəyanatla çıxış edib, tədbirdə iştirak etmələrinə qonaqlara təşəkkürünü bildirib, İƏT-in məqsəd və prioritetlərini vurğulayıb.
Sonra İƏT sammitinin budəfəki sessiyasının sədri və tədbiri qəbul edən ölkənin nümayəndəsi kimi çıxış üçün Səudiyyə Ərəbistanı Krallığının Nyu-Yorkdakı səfiri və BMT yanında daimi nümayəndəsi Abdulla Əl-Müəllimiyə söz verilib.
Səfir Əl-Müəllimi İƏT-in beynəlxalq münasibətlərdə mühüm rol oynamasını vurğulayaraq qeyd edib ki, İƏT daim sülhü və həmrəyliyi dəstəkləyir, İslamın ali təliminə və prinsiplərinə riayət etməklə, müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edir. Əl-Müəllimi xüsusi diqqətə çatdırıb ki, İƏT-in fəaliyyəti təkcə müsəlmanları deyil, digər dinlərin və mədəniyyətlərin nümayəndələrini də əhatə edir.

AZƏRTAC–ın Vaşinqton bürosu 

Siyasət 2020-01-25 11:53:00